Azərbaycanda göz rənginin dəyişdirilməsi əməliyyatları edilir. Avropa ölkələrində geniş yayılmış bu əməliyyat artıq Azərbaycanda da populyarlaşıb. Göz insan orqanizmin ən həssas üzvüdür. Bu əməliyyatın gözdə hansı fəsadlar törədə bilər? Tibb bu əməliyyatı dəstəkləyirmi?
Teleqraf.com xəbər verir ki, göz sağlamlığı və xəstəlikləri mütəxəssisi İlke Bahçeci kosmetik məqsədlə lazerlə göz rənginin dəyişdirilməsini həyata keçirən mərkəzlərin olduğunu və bu prosedurların korluq da daxil olmaqla bir çox problemə gətirə biləcəyini bildirib:
"Kosmetik məqsədlə göz rənginin dəyişdirilməsi prosesi elmi sferada təsdiqlənməyib. Göz rəngini dəyişdirmək üçün istifadə edilən cihazlar Avropa CE və Amerika Qida və Dərman İdarəsi (FDA) tərəfindən də təsdiqini tapmayıb. Bu qurumların insanlar üzərində sınaqları hələ tamamlanmayıb. Türkiyədə də bu prosedurlara rəsmi münasibət eynidir”.
Mütəxəssis prosedurun fəsadlarından da danışıb:
"Əməliyyat korluğa, katarakta, buynuz qişanın zədələnməsi və bulanıq görməyə, daimi göz ağrısına səbəb olur. Dönüşü olmayan problemlərə yol açır. Bura göziçi iltihabı da daxildir. Kosmetik məqsədlə gözün içinə boya köçürərək göz rənginin dəyişdirilməsi qəbuledilməzdir”.