15 May 2014 11:02
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sifarişlə işləyən cəmi iki svetofor var

Əhalisi çox olan böyük şəhərlərdə, meqapolislərdə piyadaların hərəkətini tənzimləmək üçün adi qaydada işləyən svetoforlardan əlavə, digər üstünlükləri olanlara da önəm verilir. Məsələn, Köln, Nyu York, Paris kimi şəhərlərdə xüsusi proqramla təchiz edilən svetoforlar var. Bu svetoforlar daha çox piyadaların təhlükəsizliyi üçün nəzərdə tutulub və özəlliyi ondadır ki, onları yolu keçənlər özləri idarə edir.

Belə ki, avtomobillərin hərəkətinin sıx olan yerlərində bir-neçə piyada toplaşdıqdan sonra svetofora müdaxilə edə, yəni düyməni basmaqla, avtomobillərin hərəkətini saxlayıb yolu keçə bilərlər.
Qəribə olsa da, bildirək ki, bu, paytaxtımız üçün yeni deyil. Əslində, hələ sovet dönəmində Bakıda bu cür svetoforlar quraşdırılıb. Bakı sakini Rahim Quliyev deyir ki, 90-cı illərə qədər Neftçilər prospektində, Qız qalası yaxınlığında düyməli svetofor varmış: “Bura şəhərin mərkəzi olduğu üçün paytaxtın qonaqları, sakinlər bulvara axışırdı. Həm də yaxınlıqdakı uşaq bağçalarına görə düyməli svetofor piyadalar üçün önəmli idi”.

Müsahibimiz deyir ki, düymə əl çatan yerdə olmadığı üçün uşaqlar svetofora müdaxilə edə bilmirdi: “Bu cihazlar həm də tələsən piyadalar üçün əlverişli idi. Bu zaman yolu özün bağlayıb keçə bilərdin, amma yalnız 5-6 nəfər keçmək istəsəydi, bu, mümkün ola bilərdi. Tək keçəndə yol polisi müdaxilə edirdi”.

“Əgər yoldan bir saat ərzində 120-dən artıq insan keçirsə...”

Nəqliyyat dilində sifarişlə işləyən svetofor deyilən bu cihazlar piyada keçidlərində və velosiped yolu ilə avtomobil yolunun kəsişməsində quraşdırılır. “Digesta” hüquq firmasının direktoru, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyir ki, ümumiyyətlə, svetoforlar yol nişanları və siqnalları haqqında qanunvericiliyə əsasən kəsişən iştirakçıların hərəkət şiddətinə uyğun qoyulmalıdır: “Əgər yoldan bir saat ərzində 120 nəfərdən artıq insan keçirsə, ora hökmən svetofor qoyulmalıdır. Sifarişlə işləyən svetoforlar isə həddindən artıq enli yollarda qoyulur”.

“Bu, artıq mədəniyyət məsələsidir”

Hazırda Bakıda Xətai metrosu yaxınlığında yerləşən ASAN xidmət mərkəzinin qarşısında və Zərdabi prospektində qoyulan bu svetoforlardan düzgün istifadə olunmadığını deyən Ərşad Hüseynov bunun artıq bir mədəniyyət məsələsi olduğunu vurğuladı: “Zərdabi prospektində dəfələrlə görmüşəm ki, qırmızı işıq yanır, amma heç kəs keçmir. Sonra məlum oldu ki, ətrafdakı uşaqlardı düyməyə müdaxilə edirlər. Neftçilər prospektində isə düyməli svetoforlar son illərə qədər dururdu, əhali ondan normal istifadə edirdi. Sonradan onun ləğvi sürücülər üçün əlverişli idi, çünki orda döngə var və sürücülər üçün təhlükəli sayılırdı. Həm də orada Kukla Teatrının qarşısında piyada keçidi olduğu üçün sifarişli svetofora gərək qalmırdı”.

Sürücü Mübariz Nağıyev həm piyadalar, həm sürücülər üçün təhlükəsiz olması baxımından bu svetoforları müsbət sayır: “Amma gərək piyadalar da buna normal qaydada əməl etsinlər. Yəni yeri gəldi-gəlmədi düyməni basıb sürücüləri gözlətməsinlər.

Heydər Əliyev prospektində piyada keçidləri olsa da, orada tez-tez piyadaları maşın vurur. Bir sürücü kimi Heydər Əliyev, Neftçilər, Mətbuat prospektlərində və Şərifzadə küçəsində belə svetoforların quraşdırılmasını məqsəduyğun sayıram".

“Gələcəkdə onların sayı artırılacaq”

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Bakı şəhəri ərazisində insanların yollardan rahat şəkildə keçməsi üçün piyadalar tərəfindən tənzimlənən iki svetoforun quraşdırıldığını deyir : “İnsanlar tərəfindən idarə edilən bu işıqforlar daha çox piyadaların sıx olduğu yerlərdə qoyulub. Bunlar piyadaların vurulması hallarının qarşısını alır. Gələcəkdə onların sayı artırılacaq”.

Hazırda paytaxtda rəqəmsal svetaforların quraşdırılması sona çatmaq üzrədir. Proses 2015-ci il paytaxtda keçiriləcək I Avropa Olimpiya Oyunlarına qədər yekunlaşdırılmalıdır. Ümumilikdə, Bakı şəhərində 200-dən artıq svetofor quraşdırılmasına baxmayaraq, piyada ölümləri azalmır. Rəsmi statistikaya görə, Bakıda təkcə bir sutkada 5-6 piyada vurulur.

Naibə QURBANOVA


Müəllif: