1 Sentyabr 16:10
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

“MeydanTV”-nin yenilənən xəbər bületenində (“Növbədənkənar parlament seçkiləri keçirilir” Canlı bloq) diqqət çəkən məlumatlardan biri seçki məntəqəsində müşahidə kameralarının olmaması haqdadır. “Komissiya üzvləri bir seçiciyə 4 bülleten verib”, “Vəfa Nağının vəkilinə hücum edilib”, “2 min nəfər evdə səs vermək istəyir” və s. başlıqlı xəbərlərin sırasında “29 saylı məntəqədə nəzarət kameraları yoxdur” başlıqlı xəbər də ilk baxışdan neqativ yüklü məlumat kimi qavranılır.

Faktyoxla Lab. bu məlumata aydınlıq gətirməyə çalışıb.

“Meydan TV”-nin yaydığı məlumatda yazılıb: 12 saylı Xəzər I Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində nəzarət kameralarının olmadığı bildirilir. Bu barədə Ruhulla Axundov adına Mədəniyyət Evinin mədəni-maarif işləri üzrə metodisti Natəvan Hüseynova Mərkəzi Seçki Komissiyasının “Facebook” səhifəsinin şərh bölümündə yazıb. “Buzovna qəsəbəsi, Ruhulla Axundov adına Mədəniyyət evində fəaliyyət göstərən 12 saylı Xəzər birinci seçki dairəsinin 29 saylı seçki məntəqəsində bir ədəd belə kamera yoxdur”, – deyə o qeyd edib.

Əslində, Mərkəzi Seçki Komissiyasının “facebook” səhifəsində Natəvan Hüseynova adlı istifadəçinin yazdığı şərh “MeydanTV”-nin yaydığı məlumat kimi seçki məntəqəsində kameranın olmaması haqda deyil, hər məntəqədə müşahidə kameralarının quraşdırılması istənilən xahişdir: “Xahiş edirəm, kamerası olmayan məntəqələri də kameralarla təchiz edəsiniz. Buzovna qəsəbəsi, Ruhulla Axundov adına Mədəniyyət evində fəaliyyət göstərən 12 saylı Xəzər birinci seçki dairəsinin 29 saylı seçki məntəqəsində 1 (bir) ədəd belə kamera yoxdur”.

Göründüyü kimi, facebook istifadəçisi bütün məntəqələrdə kameraların quraşdırılmasının mümkünlüyünü düşünür. 12 saylı Xəzər birinci seçki dairəsində isə veb-kamera quraşdırılmış məntəqələr aşağıdakılardır: 1, 7, 16, 19, 21, 27, 34 (mənbə)

Bəs, hansı məntəqələrdə müşahidə kameraları quraşdırılır?

Araşdırma zamanı bəlli oldu ki, veb-kameraların quraşdırılması Mərkəzi Seçki Komissiyasının 5 iyun 2013-cü il 5/31 saylı “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”ın təsdiq edilməsi barədə qərarı ilə tənzimlənir.

Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair qaydalarda isə “Seçki məntəqələrində veb-kameraların quraşdırılmasının məqsədi və təyinatı” və “Kameraların quraşdırılmasına, istifadəsinə və əldə olunmuş məlumatların saxlanmasına dair tələblər”ə aydınlıq gətirilib. mənbə

Qaydalarda qeyd olunub ki, “Seçki məntəqəsində stasionar qaydada, hərəkət etməyən, yalnız yönəldiyi ərazini izləmək imkanı verən kamera quraşdırılır. Kameralar seçki məntəqələrində elə yerləşdirilməlidir ki, onun vasitəsilə seçicilərə seçki bülletenlərini verən və seçki sənədləri ilə iş prosesini həyata keçirən məntəqə seçki komissiyası üzvlərinin əyləşdikləri və səslərin sayılması həyata keçirilən masa və daşınmaz seçki qutusunu izləmək mümkün olsun”.

Mediada yayılan məlumatlara görə, veb-kameralar quraşdırılan məntəqələr bir neçə kriteriyanı özündə əks etdirməlidir. Buraya seçki məntəqəsində seçicilərin sayı və məntəqədə görüntünün əldə olunması, ötürülməsi və görüntünün keyfiyyətinin texniki göstəricilərə cavab verməsi və s. aiddir. Misal üçün, 50 seçicisi olan məntəqədə veb-kamera quraşdırmaq bir o qədər də əhəmiyyəti olmaz. Adətən 1500-dən yuxarı seçicisi olan məntəqələrdə veb-kameralar quraşdırılır.

Ümumilikdə isə seçki günü – sentyabrın 1-də səsvermə məntəqələrində proseslərin tamamilə müşahidə edilməsi məqsədilə 1000 seçki məntəqəsində texniki parametrləri daha da gücləndirilərək təkmilləşdirilmiş və yüksək görüntü effektinə malik veb-kamera quraşdırılıb. istinad

Nəticə,

- “MeydanTV”-nin yenilənən xəbər bületenində yayılmış neqativ yüklü “29 saylı məntəqədə nəzarət kameraları yoxdur” başlıqlı xəbər kontekstdən çıxarılaraq təqdim olunub.

- Facebook istifadəçisi sadəcə 12 saylı Xəzər I Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində də nəzarət kameralarının olmasını arzulayır


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər