Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin “Exit poll” nəticələri açıqlanıb.
Teleqraf.com xəbər verir ki, “Exit poll” nəticələri rəsmi nəticələrlə üst-üstə düşsə, 4 nəfər 7-ci dəfə parlament üzvü olacaq.
Bunlardan biri 78 yaşlı Mixail Zabelindir. 34 saylı Xətai İkinci seçki dairəsindən seçildiyi ehtimal olunan Zabelinin 1995-ci ildən mandatı var.
66 yaşlı İmamverdi İsmayılov da 7-ci dəfə deputat mandatı almağa çox yaxındır. O, “Exit poll” nəticələrinə görə, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin lideridir.
4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş 79 saylı Eldar İbrahimovun da seçilmək şansı yüksək qiymətləndirilir. O, seçiləcəyi təqdirdə parlamentin ən qocaman deputatlarından olacaq.
1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə “Exit poll” nəticələri açıqlanmasa da, Ziyafət Əsgərovun daha şanslı namizəd olduğu ehtimal edilir. Seçiləcəyi təqdirdə, o da 7-ci dəfə deputat mandatını qazanmış 4 millət vəkilindən biri olacaq.