“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal rayon İcra Hakimiyyətinin və bir sıra təşkilatların dəstəyi ilə Yasamal rayonu 2-ci Alatava ərazisində növbəti dəfə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
Teleqraf.com xəbər verir ki, festival çərçivəsində vətəndaşlar ümumi tutumu 2410 litr olan plastik, 207 litr şüşə və 249 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.
Tədbir zamanı vətəndaşlar həsir çantalara müxtəlif dizaynlar edib, uşaqlarla tullantıların çeşidlənməsinə dair maarifləndirici oyun keçirilib, ekokönüllülər tərəfindən kətan üzərində rəsmlər çəkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, ictimaiyyəti tullantıların düzgün idarə olunmasına stimullaşdırmaq məqsədilə keçirilib.