Fövqəladə Hallar Nazirliyinin Akademiyasında kursantlar və onların valideynləri ilə görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşü giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev kursant adını qazanmış gəncləri və onların valideynlərini təbrik edib, FHN Akademiyasını seçdiklərinə görə təşəkkürünü bildirib.
Ali təhsil ocağının fəaliyyəti barədə məlumat verən B.Salayev 2009-cu ildən fəaliyyətə başlayan FHN Akademiyasının qarşısında duran ən başlıca vəzifənin müasir tələblərə cavab verən xüsusi ixtisaslı ali təhsilli kadrların yetişdirilməsi və onların vətənpərvərlik, dövlət və dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə edilməsi olduğunu vurğulayıb. Qeyd edib ki, Akademiyada yüksək səviyyəli xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması üçün tədris-təlim prosesinin keyfiyyətinin artırılması və maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində davamlı iş aparılır.
Akademiya rəisinin müavinləri polkovnik Kazım Kazımov və polkovnik Aslan Hüseynov öz çıxışlarında kursantlar üçün yaradılmış şəraitdən, tədris, təlim-tərbiyə prosesindən bəhs ediblər.
Görüşdə çıxış edən valideynlər onların övladları üçün yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.
Görüşdən sonra valideynlər Akademiyada yaradılmış şəraitlə yaxından tanış olublar.