Hüquq elmləri doktoru, professor İlham Rəhimovun Globalinfo.az-a müsahibə verib.
Teleqraf.com həmin müsahibəni təqdim edir:
– İlham müəllim, ilk sualımız sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlıdır. Bu seçkilərdən sonra ölkəmizin yeni mərhələyə qədəm qoyduğunu iddia etmək olarmı?
– Əslində, bütün seçkilər ölkə üçün gələcəkdə müəyyən dəyişikliklərə səbəb olur. Fikrimcə, parlament seçkiləri də cəmiyyətimizdə inkişafa təkan verəcək.
– Seçkilərdə iştirak etməməyiniz cəmiyyətdə bəzi suallar yaradır. Müsbət imicə sahibsiniz, böyük təcrübəniz var, eləcə də maddi imkan baxımından seçkiyə qatılmaq, nəticə əldə etmək üçün kifayət qədər resursa maliksiniz. Deputat mandatı əldə etmək sizə maraqlı deyil, yoxsa burda başqa amillər var?
– Bu sualı mənə çoxu, o cümlədən tovuzlu həmyerlilərim tez-tez verir. Onlar seçkilərə qatılmağımı, deputat olmağımı istəyirlər. Amma mən artıq qərarımı vermişəm: siyasətlə məşğul olmuram…
– Siz cəmiyyətdə daha çox siyasətçi kimi qəbul olunursunuz…
– Yaşadığımız cəmiyyətdə istəsək də, istəməsək də proseslərin içindəyik. Ona görə bəzən hansısa məsələlərlə bağlı fikirlər səsləndiririk. Amma mən siyasətlə yox, elmlə məşğulam və elm mənim üçün bütün məşğuliyyətlərdən daha cəlbedici görünür. Ona görə də vaxtımın əksər hissəsini elmə həsr edirəm, məhsuldar yaradıcılıqla məşğulam, yeni kitabım üzərində işləyirəm. Yeri gəlmişkən, “Dünya dinlərində cinayət və cəza. Tarixi, dini, hüquqi və fəlsəfi aspektlər” adlı sonuncu kitabım bu yaxınlarda işıq üzü görüb.
– Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana rəsmi səfər etdi. Kritik dövrdə baş tutan səfəri və onun yekunlarını necə qiymətləndirirsiniz? Dostunuz və tələbəlik yoldaşınız olan Rusiya lideri ilə səfərlə haqda hər hansı dialoqunuz olmuşdumu?
– Putin prezidentliyi dövründə Azərbaycana bir neçə dəfə səfərə gəlib. Lakin onun son səfəri əvvəlki səfərlərindən kəskin şəkildə fərqləndi, dünyada və Azərbaycanda böyük maraqla qarşılandı, ciddi müzakirələrə səbəb oldu. Hamını daha çox maraqlandıran yeganə sual bu idi: Putin Rusiya-Ukrayna müharibəsinin şiddətləndiyi, Ukraynanın Kurska daxil olduğu vaxtda Bakıya rəsmi səfərə nəyə görə gəlib?..
– Bakıda iki lider – Əliyevlə Putin arasında nələr müzakirə edilib?
– Adətən, rəsmi səfərlərdə dövlətlərarası münasibətlər müzakirə olunur. Digər tərəfdən, Əliyev və Putin müzakirə olunan məsələlər barədə mətbuata və ictimaiyyətə geniş məlumat veriblər.
– Prezidentlərin müzakirə etdikləri mövzularla bağlı Sizin hər hansı məlumatınız varmı?
– Yalnız onu deyə bilərəm ki, Prezidentlərin apardığı müzakirələrdə mənə də aid olan bir məsələ var idi. Hər iki prezident Sankt-Peterburq Universiteti bazasında Bakıda Rusiya-Azərbaycan universitetinin yaradılması haqqında razılığa gəliblər. Hansı ki, həmin universitetin yaradılmasında və görüləcək işlərin təşkilində mənim də iştirakım planlaşdırılır…
– Putinin Bakıya səfərindən sonra onunla bu barədə müzakirə apardınızmı?
– Putinin Bakıya səfərindən bir həftə sonra onunla Moskvada görüşdüm, səfər barədə təəssüratlarını öyrəndim. Rusiya nəhəng, nüvə silahına malik qonşu dövlətdir. Azərbaycanın bu ölkə ilə dostluq münasibəti qurması çox yaxşı haldır.
– Səfərlə bağlı detallara vardımı? Bakı barədə, Azərbaycan haqda xüsusi olaraq nələr dedi sizə?
– Putin Bakının gözəlliyindən danışdı. Söhbətimizdə Bakını həddən ziyadə sevdiyini dedi. Bütövlükdə Azərbaycanla bağlı müsbət fikirlərini bölüşdü mənimlə. Həmçinin qonaqpərvərlikdən, qarşılanmasından da çox razılıq etdi. Putinə aid Bakı ilə bağlı kiçik bir xatirəmi ilk dəfə sizinlə bölüşmək istəyirəm. 2016-cı ildə Putin Bakıya gələndə məni səhər yeməyinə dəvət etmişdi. Söhbət əsnasında ondan Bakı şəhəri ilə bağlı təəssüratını soruşdum. Mənə cavab verdi ki, şəhərdə son illər görülən işlərə və Bakının belə gözəlləşməsinə heyran qalıb. Sonra çox maraqlı bir cümlə işlətdi: “Əgər Heydər Əliyev bunları görsəydi, oğlu ilə fəxr edərdi”.
– Rusiya Erməniləri İttifaqı Prezident Putinə müraciət edib. Onlar Bakıda həbsdə olan separatçı-terrorçu liderlərin azad edilməsi üçün Putindən kömək istəyib. Xüsusən Ruben Vardanyan məsələsində aktivlik göstərirlər. Necə düşünürsünüz, Putin separatçıların, xüsusən də Vardanyanın azad edilməsi məsələsində Bakı ilə danışıqlar apararmı? İş adamı kimi tanınan Vardanyan haqqında fikirləriniz nələrdir?
– İnanmıram ki, bu mövzu iki dövlət başçısının müzakirə predmeti olsun. Eyni zamanda xatırlatmaq istəyirəm ki, sözügedən şəxs öz xahişi ilə Rusiya vətəndaşlığından imtina etmişdi.
– Son vaxtlar Rusiyanın Ermənistan-Azərbaycan danışıqlarında bir qədər geri çəkildiyi qənaəti yaranmışdı. Ancaq Rusiya prezidentinin Bakı səfərindən sonra bu qənaət tamamilə aradan qalxdı. Putin Bakıda olarkən bildirdi ki, danışıqlar barədə Nikol Paşinyana məlumat verəcək. Ardınca İlham Əliyevlə telefon danışığı baş tutdu. Bundan sonra Rusiya XİN üçtərəfli işçi qrupunun Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməli olan marşrutu müzakirə etdiyini bildirdi. Sizin fikrinizcə, burada ictimaiyyətdən gizlədilən hansısa məsələlər müzakirə edilibmi?
– Məncə, görüş çərçivəsində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, eyni zamanda Rusiyanın vasitəçilik istəyinin müzakirəsi və Azərbaycanın buna razılıq verməsi istisna deyil. Ümumiyyətlə, rəsmi Bakı üçün prosesin hansı variant əsasında baş tutmasının əhəmiyyəti yoxdur. Sülh danışıqlarının Moskvada da baş tutması mümkündür. Əslində Rusiya heç vaxt vasitəçilik niyyətindən geri çəkilməyib, sadəcə, indiyə kimi Ermənistan buna razılıq vermir.
Azərbaycan Ermənistandan fərqli olaraq bütün qərarları, o cümlədən sülh danışıqları ilə bağlı qərarı müstəqil qəbul edir. Bu gün heç bir ölkə Azərbaycana diktə edə bilməz, həmçinin Rusiya.
– Bəs, rəsmi Bakının Moskvanın təsiri altında olması fikri necə yaranıb?
– Mənim fikrimcə, dünyada baş verən proseslərdən anlayışı olmayanlar yalnız belə düşünə bilər ki, Rusiya hansı ölkə ilə yaxşı münasibət qurursa, həmin dövlət Moskvanın diktəsi ilə hərəkət edir. Hazırda Azərbaycan və Rusiya müttəfiq dövlətlərdir. Hər iki dövlət arasında dostluq münasibətləri var. Rusiya, mənim başa düşdüyüm və bildiyim qədər, nəinki Azərbaycanın, eləcə də keçmiş qonşu respublikalarının problemlərinin yükünü öz üzərinə götürmək istəmir. Eyni zamanda öz yükünü də dost dövlətlərin üzərinə qoymaq fikrində deyil. Rusiya keçmiş Sovet İttifaqının bütün xalqları ilə yalnız iqtisadi, humanitar və siyasi sahələrdə mehriban münasibətlər qurmaq istəyir.
– Rusiya-Ukrayna müharibəsinə baxışınız necədir? Müharibənin nəticəsini necə görürsünüz, bu savaş sizcə, hansı nöqtədə bitə bilər?
– Mən istənilən müharibənin əleyhinəyəm, çünki bu, ailələrə çoxlu faciələr yaşadır, bədbəxtlik və iztirab gətirir. Cəmiyyət bir çox vaxt baş vermiş hadisəni, prosesi müzakirə edir. Lakin bu prosesin baş vermə səbəblərini təhlil etməyi unudur.
Bu münaqişə nədən qaynaqlandı? Gəlin, tarixə ekskurs edək: 2014-cü ildə Ukraynada hamının da qəbul etdiyi antikonstitusion çevrilişdən. O zaman Ukraynada hakimiyyətə gələn qüvvələr Rusiya ilə ilk növbədə Ukrayna dövlətinin və xalqının maraqlarına zidd olaraq düşmən siyasəti yürütmətyə başladılar ki, bu da Qərbin diqtəsi ilə baş verirdi. Bu əlbəttə, onların ən böyük səhvi idi. Onlar Rusiyaya düşmən münasibət göstərməklə yanaşı rus dilini, onların da sahib olduqları ümum rus mədəniyyətini rədd etdilər.
Məsələ burasındadır ki, Ukrayna xalq dili böyük rus dilinin ən yaxın əcdad dili olsa da, ukraynalılar təxminən 200 il əvvəldən başlayaraq öz yeni ədəbi dillərinə sahib olmağa çalışıblar. Yəni, Ukrayna ziyalıları müstəqil Ukrayna ədəbi dili yaratmağa çalışmaqla, rus dili ilə oxşarlığı istəmirdilər. Ancaq onlar müasir Ukrayna ərazisində yaşamış və indi də yaşayan rusları nəzərə almadıqları üçün bu siyasətin həyata keçirilməsi problemə çevrildi.
Ukraynanın Minsk razılaşmalarından imtina etməsi də yanlış addım idi. Halbuki həmin razılaşmada Donetsk və Luqansk vilayətlərinin sakinlərinə müvafiq hüquqlar, o cümlədən rus dili və mədəniyyəti ilə bağlı bütün hüquqların təmin olunması şərtilə bu vilayətlərin Ukraynanın tərkibində qalması nəzərdə tutulmuşdu. Ukraynalıların digər səhvi isə İstanbulda əldə edilmiş razılaşmadan imtina idi ki, bu gün onun ağır nəticələrinin şahidi oluruq. Əslində ABŞ-ın Rusiya ilə bağlı müxtəlif planları var idi. Putini müharibəyə cəlb edib, Rusiyanı zəiflətmək istəyirdilər. Onlara elə gəlirdi, müharibə başlayan kimi rus xalqı hökumətə qarşı çıxacaq, rus oliqarxları Putinin əleyhinə qalxacaq. Eyni zamanda, Rusiya iqtisadiyyatının çökəcəyini və müharibənin başlaması ilə övladlarını itirən valideynlərin ayağa qalxaraq çevriliş edəcəyini proqnozlaşdırırdılar. Ancaq bu gözləntilərin heç biri özünü doğrultmadı. Qərb analitikləri rus xalqının psixologiyasını yaxşı bilmirlər. Tarix boyu rus xalqında belə olub: ölkə çətin vəziyyətə düşəndə daha çox birlik nümayiş etdirirlər, digər məsələlər arxa plana keçir. Rusiya-Ukrayna müharibəsi başlayanda xalq tezliklə bitəcəyini düşünüb, çox da ciddi yanaşmırdı. Lakin Qərbin işə qarışmasını görən əhali daha sıx birləşməyə başladı. Rusiya bu gün iqtisadi cəhətdən inkişaf edən ölkələr arasında öncül yerlərdədir. Beynəlxalq iqtisadi qurumlar da təsdiq edirlər ki, sanksiyalar Rusiyaya problemlər yaratsa da, ölkənin ümumdaxil məhsul artımı davam edir və bu sahədə inkişaf etməkdə olan ölkələr sırasında lider ölkələrdəndir.
– Məlum olduğu kimi, ABŞ-da prezidentliyə namizəd Donald Tramp açıqlamasında bildirmişdi ki, prezident seçiləcəyi halda Rusiya-Ukrayna müharibəsini bitirə bilər. Bu, nə qədər realdır?
– Hamının istəyi, arzusu budur ki, müharibə olmasın. Tramp seçiləcəyi təqdirdə müharibəni bitirəcəyini deyirsə, lap yaxşı, təki elə olsun.
– Rusiyanın Qarabağda konsulluq açmaq məsələsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Dəstəkləyənlər də var, qarşı çıxanlar da. Siz bu barədə nə düşünürsünüz? Rusiyanın Qarabağda konsulluq açmaq istəyi nədən qaynaqlanır?
– Rusiyanın Qarabağda konsulluq açması ilə bağlı hər hansı qərarının olması barədə məlumatım yoxdur. Gələcəkdə Qarabağ İqtisadi Zonası inkişaf edərsə, turizm mərkəzinə çevrilərsə və keçmişdə olduğu kimi ora çox sayda rus turistlər gəlsələr, o zaman konsulluğun açılması da aktual ola bilər.
– Ankara artıq bir neçə aydır Rusiya prezidentinin səfərini gözləyir. Kreml də tez-tez bu səfərə hazırlıq görüldüyünü, lakin hansı tarixdə baş tutacağının dəqiq bilinmədiyini açıqlayıb. Putinin Ankaraya deyil, Bakıya səfəri Türkiyəyə mesajdırmı? Rusiya-Türkiyə xəttində vəziyyət nə yerdədir?
– BRİKS-in Kazanda baş tutacaq iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Görünür, iki lider arasındakı görüş məhz burada baş tutacaq və bundan sonra səfərin nə zaman reallaşacağı məlum olacaq. Putinin Ankaraya səfəri ilə bağlı heç bir təhdid və ya hansısa təhlükə görmürəm…
– Zəngəzur dəhlizinə nəzarət uğrunda Qərb-Rusiya, Qərb-Çin arasında mövqe savaşı gedir?
– Prinsip etibarı ilə Zəngəzur dəhlizi bir sıra ölkələr üçün böyük əhəmiyyətə malikdir. Qərb dəhlizin açılmasında maraqlı olsa da, bu yola Rusiyanın deyil, Ermənistanın nəzarət etməsini istəyir. Bu, Azərbaycanın maraqlarına uyğun deyil. 10 noyabr bəyanatında bununla bağlı Rusiya öz üzərinə öhdəlik götürmüşdü. Lakin Qərb buna imkan vermədiyi üçün Azərbaycanın alternativ variantları işə düşə bilər. İran üzərindən keçəcək yeni yola Azərbaycan, Rusiya və İran razıdır. Bu halda isə ermənilər prosesdən kənarda qalır. Hesab edirəm ki, gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi istisna deyil.
– Rusiyanın mübahisəli ərazilərlə bağlı SSRİ dövrünə aid xəritələri masaya qoyacağı haqqında da fikirlər səsləndirilir. Bu, realdırmı?
– Təbii ki, bu xəritələr Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahında saxlanılır. Delimitasiya prosesində mübahisəli ərazi məsələlərində onların iştirakı prosesi asanlaşdıra bilər.
– Ermənistanın Rusiya nəzarətindən çıxıb, tamamilə Qərbə yönəlməsi mümkündür?
– Ermənistan tarix boyu Rusiyadan asılı olub. Rusiya da öz növbəsində həmişə erməniləri qoruyub. Ermənistanın bir dövlət kimi yaranmasında, mövcud olmasında Rusiyanın rolu böyükdür. Bir sözlə, yaxın illərdə Ermənistanın Kremlin tam nəzarətindən çıxması mümkün görünmür. Əgər bu baş verərsə, Ermənistan iqtisadiyyatı ciddi problemlərlə üzləşə bilər. Digər tərəfdən, Ermənistan Rusiya istisna olmaqla, bütün qonşu ölkələrlə soyuq münasibətdədir və onun qaçacaq bir yeri yoxdur. Ermənistanın Qərbə sığınması, digər arzuolunmaz qüvvələri bölgəyə cəlb etməsi İranla da münasibətlərin gərginləşməsinə səbəb ola bilər.
– Bir çox ölkənin İrəvanı silahlandırdığını görürük, bunun fonunda şərti sərhəddə tez-tez atəşkəs də pozulur. Necə düşünürsünüz, Azərbaycan və Ermənistan arasında eskalasiya, yoxsa sülh mümkündür?
– Əlbəttə ki, mən sülhün mümkünlüyünə inanıram. Ermənistan nə qədər silahlandırılsa belə nəticəsi olmayacaq, çünki müharibəyə hazır deyil. Hərbi resursu olsa da, insan resursu yoxdur. Ukraynada da belə vəziyyət yaranıb. Bizsə müharibədən qalib çıxmışıq. Hazırda yeni eskalasiyaya ehtiyac yoxdur. Əgər Ermənistan bunu istəyərsə, o zaman Azərbaycan da müharibə hazırıqlarına başlayacaq.
– 44 günlük Vətən müharibəsində də Rusiyanın Ermənistana dəstək verdiyi bildirilirdi…
– Belə iddialar inandırıcı deyil. Əslində o zaman Rusiya müharibənin Azərbaycan ərazisində getdiyini bildirərək Ermənistana dəstək verməmişdi. Hətta bu səbəbdən Ermənistanla münasibətləri bir qədər gərginləşmişdi. Onlar Moskvanı Ermənistana dəstək verməməkdə günahlandırdılar.
– Sizin fikrinizcə, 44 günlük müharibədə Azərbaycanın qalib gəlməsini şərtləndirən əsas faktor nə oldu?
– 44 günlük savaşda qələbəmizi şərtləndirən aşağıdakı 5 faktor var idi. Əvvəla, artıq xalqın səbri tükənmişdi, hətta şəhidlər vermək bahasına olsa da, müharibə yolu ilə işğaldakı torpaqlarını azad etmək istəyi yüksəlmişdi. İkincisi, ordunun döyüş hazırlığı, hərbi və mənəvi cəhətdən müharibəyə hazır olması idi. Burda xalq-ordu birliyi mühüm amil idi. Üçüncü ən başlıca faktor dövlət başçısının məsuliyyəti öz üzərinə götürməsi, cəsurluğu, qəti və yekun qərarlar qəbul etməsi, mövcud vəziyyəti düzgün analiz edib qiymətləndirməsi idi. Dördüncü, qardaş Türkiyə başda olmaqla Azərbacana dost dövlətlərin mənəvi və siyasi dəstəyi və beşincisi, Rusiyanın bu müharibədə neytral qalması oldu.