Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sabiq sədri general-polkovnik Aydın Əliyevin keçmiş gəlini ailə ilə bağlı ağır ittihamlar səsləndirib. Rada Musayevanın iddiasına əsasən, A.Əliyevin oğlu olan keçmiş həyat yoldaşı Orxan Əliyev atasının nüfuzundan istifadə edərək ondan aliment tələb edir. Qadın bildirib ki, icraçı ona hədə formasında zəng edərək 7200 manat gətirməyini tələb edib.
Teleqraf.com “Qafqazinfo"ya istinadla xəbər verir ki, qurumdan belə cavab verilib: “Bakı şəhəri Səbail Rayon Məhkəməsinin mülki iş üzrə 26.07.2024-cü il tarixli qətnaməsinə əsasən Rada Musayevadan Əliyev Orxan Aydın oğlunun xeyrinə azyaşlı uşağın saxlanılması üçün 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək 3 illik müddət üçün cəmi 7.200 manat məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilib.
“Qətnamənin icrası ilə bağlı icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilib. İcra vərəqəsində nəzərdə tutulan məbləğin ödənilməsi borclu Musayeva Rada Çingis qızından tələb edilib, lakin borc ödənilməyib. İcra vərəqəsində nəzərdə tutulan məbləğ borclu tərəfindən ödənilmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.08.2024-cü il tarixli qərarı ilə Musayeva Rada Çingis qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat miqdarında inzibati qaydada cərimə edilib”.