Sentyabrın 12-də Elm və Təhsil Nazirliyi ilə Times Higher Education (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə əməkdaşlığı ilə "Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə" mövzusunda forum işinə başlayıb.
COP 29-un Bakıda keçirilməsinin Azərbaycan üçün tarixi bir hadisə olduğunu deyən Elm və təhsil naziri Emin Əmrullayev neftin beşiyi olan Azərbaycanda artıq müasir çağırışlara uyğun olaraq “qara qızıl”ı “insan qızılına” çevirmək, bərpa olunan enerji mənbələrinə keçidi təmin etmək yönündə mühüm işlər görüldüyünü deyib. Tədbirin Azərbaycan təhsilinin iqlim dəyişikliyi ilə bağlı töhfələrini və imkanlarını nümayiş etdirmək üçün bir platforma olduğunu deyən nazir PİSA qiymətləndirmələrinə ətraf mühit savadlılığının əlavə edilməsinin planlaşdırıldığını deyib və forumun universitetlərimiz və geniş mənada təhsil sistemi üçün faydalı olacağına ümidvar olduğunu bildirib.
Azərbaycan Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov COP 29 ərəfəsində bütün ölkələrin bir araya gələrək gücləri birləşdirməsinin siyasi və iqtisadi baxımdan üstünlüklərini qeyd edib. Azərbaycan ali təhsil müəssisələri ilə yanaşı, xarici universitetlərin, elm adamlarının, mütəxəssislərin bir araya gələrək göstərdikləri təşəbbüsü yüksək qiymətləndirən Elnur Soltanov COP29-da iqlim dəyişikliyi ilə bağlı mövzularda elmi dairələrin aktiv iştirakına və alimlərin fikirlərinə ehtiyac olduğunu bildirib.
Forum iştirakçılarını universitetdə salamlayan ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”ndə və COP29 kimi mötəbər bir tədbir ərəfəsində iqlim dəyişikliyi ilə bağlı mövcud çağırışlar fonunda ali təhsil müəssisələri qarşısında mühüm vəzifələr qoyulduğunu deyib. ADNSU-nun Azərbaycanda bərpa olunan enerji sahəsində magistratura təhsili verən ilk universitet olduğunu qeyd edən dosent Vazeh Əskərov enerji ehtiyatlarının insan kapitalına çevrilməsi istiqamətində aktiv fəaliyyət göstərildiyini deyib. Yaşıl gələcək naminə bütün ölkələrin elm və təhsil ictimaiyyətinin əməkdaşlığının xüsusi əhəmiyyət kəsb etdiyini deyən dosent Vazeh Əskərov forumun bu nəcib vəzifənin icrasına mühüm töhfə verəcəyinə inandığını söyləyib.
SDU-nun rektoru, dosent Rüfət Əzizov dünyada iqlim dəyişiklikləri ilə bağlı mühüm çağırışlara cavab olaraq universitetlərin bu yolda açar rolunu oynadığını qeyd edib. Təhsillə yanaşı, ali təhsil müəssisələrinin cəmiyyətdə, qərar qəbul etmədə, güclü təsir mənbəyi olduğunu deyən Rüfət Əzizov yerli və xarici universitetlərin bu istiqamətdə birgə tədbirlər gündəliyinin qurulmasını vacib saydığını vurğulayıb.
THE reytinq şirkətinin Qlobal məsələlər üzrü baş direktoru Phil Baty dünyanın artıq iqlim dəyişikliklərindən iqlim fəlakətləri həddinə çatdığı bir vaxtda gələcək üçün tədbirlər görülməsinin labüd olduğunu deyib. O, bu məsələdə dayanıqlı inkişafı təmin etmək üçün dünya alimlərinin, tədqiqatçıların və universitetlərin birlikdə qərarlar qəbul etməli və öhdəliklərini yerinə yetirməli olduqlarını söyləyib. Phil Baty dünya universitetlərinin yeni datalara keçdiyini qeyd edərək Azərbaycanın 18 universitetinin də bu prosesə qoşulduğunu bildirib.
Panel müzakirələrlə davam edən forumda bp Azərbaycan-nın Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, British Council Azərbaycan üzrə ölkə direktoru Nərgiz Hacıyeva, BMT-nin Qlobal Muqavilə üzrə Azərbaycan nümayəndəliyinin rəhbəri Samir Məmmədov, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və digər rəsmi qonaqlar, universitet rəhbərləri, siyasətçilər, dövlət və qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələri iqlim dəyişikliyinin insanların həyatını necə formalaşdırmasını və onun mənfi təsirlərini aradan qaldırmaq yollarını müzakirə ediblər.
Qeyd edək ki, COP29 sammiti ərəfəsində keçirilən forumun məqsədi iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsini aparmaq, effektiv həll yolları təklif etmək və bu sahədə alimlər, sənaye liderləri, tələbələr və ictimaiyyət arasında əməkdaşlığı gücləndirməkdir.