9 Oktyabr 16:20
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşlar şikayət edirlər ki, binaların həyətində, məhlələrdə parklanma üçün boş yer olsa da maşınlarını saxlamaq mümkün olmur. Çünki həmin yerləri müəyyən şəxslər zincirlə əhatələyir, dəmir qoyur, "yad" avtomobillərin saxlamasına maneə yardırlar. Bu, nə qədər doğrudur, belə maneələrə necə nəzarət edilə bilər?

Teleqraf.com-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, son dövrlər tikilən binalar parklanmaya çox ciddi problemlər yaradır:

"Binalarda parklanma yerləri barmaqla sayılacaq qədərdir. Binanı tikirlər, sakinlərə qarajı ev qiymətinə satırlar. Məcbur edirlər ki, qarajı alasan. Parkalanmaya da elə aylıq qiymət qoyurlar, vətəndaş maşınını başqa məhlələrdə saxlamalı olur. Bunlar şəhərsalmanın eybəcərlikləridir. Tikinti şirkətlərinin bu özbaşınalıqlarının qarşısını dövlət qurumları almalıdır.

Sahibkar binanı tikir, pulunu qazanır, amma parklanma yeri yaratmır. Onun qazancı insanların çətinliklə üzləşməsinə səbəb olur. Dövlət qurumu bu şirkətlərin yaxasından yapışmalıdır ki, pul qazanırsan, amma sakinə şərait yaratmırsan. Bunun həyəti, qarajı olmalıdır. Belə özbaşınalıq olmaz".

Elməddin Muradlı hesab edir ki, problemə Dövlət Yol Polisi reaksiya bildirməlidir: "Bundan başqa, icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tələb qoymalıdır ki, zəhmət çək, binanı tikməmişdən əvvəl parklanma yerini yarat. Yoxsa binanı tikirlər, altını restoran, market, ofis edirlər. Biri gəlir deyir, mənim burada ofisim var, götürür zəncirlə ayırır ki, bura mənimdir. Soruşmaq lazımdır, sən özünlə torpaq gətirmisən, yer almısan?"

Elməddin Muradlı bu hərəkətlərin qanunsuz olduğunu vurğulayır:

“Vətəndaşlar bilməlidirlər ki, maşın saxlanma yerlərinə zəncir çəkmək, daşla maneələr qoymaq qanunsuz əməldir. Bəzən bu cür mübahisələr bıçaqlanmaya qədər gedib çıxıb. Halbuki binanın qarşısında maşınına özəl parklanma yeri yaratmaq qanunsuzdur. Qanuni yer sənin qarajın ola bilər. Kimsə o qaraja gətirib maşın salarsa, etiraz edə bilərsən, yalnız onda deyərsən ki, bura mənimdir”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər