10 Oktyabr 09:46
1 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı yollarında tıxaclar insanları ən çox narahat edən məsələdir. Əvvəllər günün pik saatlarında tıxaclar yaranırdısa, indi günün istənilən vaxtında oxşar problemlə üzləşmək mümkündür.

Teleqraf.com-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Bakıdakı tıxacın səbəb və həlli yollarından danışıb:

“Son bir-iki ildə şəhərdə keçilməz tıxaclar yaranır. Bunun yaranma səbəblərindən biri əhalinin düzgün paylanmamasıdır. Şəhərətrafı ərazilərdən mərkəzə əhali axını səhər və axşam olur. Sıxlığın birinci səbəbi budur.

Bəzən çıxış yolu kimi paytaxtın köçürülməsi təklif olunur. Düşünürəm ki, problemin həlli bu deyil. Azərbaycanın digər bölgələri üzrə şəhərlərə baxsaq, paytaxta yarayacaq infrastrukturu olan bölgə yoxdur. Təklif olun şəhərlərdən Gəncənin küçələri o qədər dardır ki, biz ora əlavə yüklənmə versək, Bakıdan da acınacaqlı vəziyyət meydana çıxar.

Əsas məsələ odur ki, biz yolları yenidən inşa etməliyik. Yeni yollar çəkməli, qovşaqlar yaratmalıyıq. Kütləvi şəkildə infrastrukturu genişləndirməliyik. Maddi cəhətdən baha başa gəlsə belə başqa alternativimiz yoxdur. Burada əsas problem Bakının relyefidir. Şəhərə yuxarıdan baxsaq, görəcəyik ki, Bakı dağlarla əhatələnib”.

Ekspertin sözlərinə görə, Bakıda tunellərin qazılmasına, yeni yolun çəkilməsinə maneə relyefdir:

“Düşünürəm, başqa maneə olmamalıdır. Xüsusən də maliyyə baxımından. Yol infrastrukturuna ağır büdcəli layihələr həyata keçirəndən sonra biz şəhər infrastrukturuna dönəcəyik. Əhalinin düzgün ictimai nəqliyyata fokslanmasını təmin edə bilməmişik. Vətəndaş inanmır ki, avtobus 10 dəqiqə intervalında gələcək.

Axşam saat 22:00-dan sonra şəhərdə marşrut tapmaq olmur. Əsas küçə və prospektlərdə tıxac saat 21:00-22:00-a qədər olur. Bunlar birbaşa ictimai nəqliyyatın qurula bilməməsi ilə bağlıdır. Əgər normal avtobus işləyərsə, sakin niyə taksi ilə gedib əlavə pul verməlidir?

Saat mexanizmi ilə işləyən ictimai nəqliyyatımız metrodur. Metronun isə intervalını bir-iki dəqiqə etmək olmaz. Bunu ancaq müəyyən saat çərçivəsində etmək olar. Çünki metro da elektriklə işləyir. Mühərriki soyumalı, qızmalıdır. Ən azı müəyyən gün, saat ərzində onun mühərriki dayanmalıdır. Havalanma təşkil edilməlidir. Bunların hamısı şərtdir.

Təklif edirlər ki, metro bir dəqiqə intervalı ilə işləsin. Axı, bizdə ona dözən texnika yoxdur”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər