Bu gün Ermənistanın Gəncəyə dördüncü qanlı raket hücumundan 4 il ötür.
2020-ci ilin oktyabrın 11-də gecə saat 02:00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Gəncəyə edilən sayca dördüncü raket hücumu nəticəsində 10 mülki şəxs Şəhid olub və 40-dan çox insan yaralanıb.
Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhaliyə qarşı terror siyasəti Cenevrə Konvensiyasını, BMT-nin, Haaqa Konvensiyasının, UNESCO-nun, elə cə digər beynəlxalq və regional təşkilatların qərar və qətnamələrini, xüsusilə də üzərinə düşən öhdəliklərini kobud və düşünülmüş şəkildə pozmuşdu. Lakin Ermənistana bunların heç birinə məhəl qoymayaraq mülki əhaliyə qarşı terror siyasətini davam etdirmişdi.
Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Ümumilikdə, 2020-ci il 27 sentyabr tarixində başlayıb və 44 gün davam etmiş Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələrinin mülki yaşayış məntəqələrini hədəfə almaqla həyata keçirilmiş hərbi təcavüzü nəticəsində 93 nəfər mülki şəxs (o cümlədən 54 kişi, 27 qadın və 12 uşaq) həlak olmuş, 444 nəfər (o cümlədən 268 kişi, 109 qadın və 67 uşaq) isə xəsarət almışdır.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı Gəncədə mülki əhaliyə qarşı törədilən bu terror əməllərinə görə ittiham olunan Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.