Oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Yaşıl dünya naminə həmrəylik ili” və “Ümümdünya standratlar günü”nə həsr olunmuş “Dayanıqlı yaşıl gələcək üçün standartlar” mövzusunda II Beynəlxalq elmi-praktiki simpozium öz işinə başlayıb.
Teleqraf.com xəbər verir ki, “Cihaz mühəndisliyi” kafedrasının təşkilatçılığı ilə onlayn və oflayn formatda keçirilən simpoziumun açılış mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Simpoziumda açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov iştirakçıları və qonaqları salamlayaraq dünyada gedən iqlim dəyişiklikləri və yaşıl enerjiyə keçidin fonunda Prezident İlham Əliyev tərəfindən ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 kimi mötəbər bir tədbir ərəfəsində universitetdə belə bir beynəlxalq elmi simpoziumun keçirilməsinin önəmindən danışıb. ADNSU-nun son dövrlər dünya reytinq cədvəllərində qazandığı beynəlxalq elmi nailiyyətlərdən söz açan dosent Vazeh Əskərov Azərbaycanda gənclərin dayanıqlı yaşıl gələcək üçün maarifləndirilməsi və yeni standartların tətbiqində gənclərin rolunu qeyd edərək bu istiqmətdə ali təhsil müəssisəsi olaraq bütün təşəbbüsləri dəstəklədiyini bildirib.
Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov və Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov çıxış edərək iqlim dəyişikliyi ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlərdən, yeni standartların tətbiqindən, yaşıl dünya konsepsiyalarında yeni yanaşmalardan, həmçinin müasir ölçmələrdə yaşıl texnologiyalar və digər mövzularda gənclərin rolundan danışıb, konfransın işini yüksək qiymətləndiriblər.
Konfransa onlayn qoşulan Türk Standartları İnstitutunun (TSE) Azərbaycan nümayəndəliyinin rəhbəri Gülhan Arzu Yüzereroğlu, Qazaxıstan Satbayev Universitetinin dekanı Darxan Erejep Beynəlxalq simpoziumun müasir çağırışlara uyğun, o cümlədən cəmiyyət üçün vacib olan mövzunu əhatə etdiyini diqqətə çatdırıblar və elmi əhəmiyyətindən bəhs ediblər.
Sonda Cihaz mühəndisliyi kafedrasının müdiri, professor Lalə Bəkirova simpozium haqqında ətraflı məlumat verib və simpoziumun dünyada alternativ enerji ehtiyatlarının öyrənilməsi və tətbiqi sahəsində təcrübə mübadiləsi, elmi potensialın inkişafı və qarşılıqlı fikir mübadiləsinin aparılmasındakı rolundan danışıb.
Simpozium plenar sessiyalarla davam edib.