5 Dekabr 00:32
277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunda qatardakı texniki nasazlıqla bağlı sabah komissiyanın xüsusi araşdırma iclası olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat yayıb.

O, qeyd edib ki, mövcud vəziyyətin aidiyyəti şöbələrin rəhbərliyi ilə müvafiq araşdırılması aparılacaq.

B.Məmmədov xatırladıb ki, bugünkü sıxlığın tənzimlənməsi bir saat davam edib:

"Qatarın nasazlığı 18.20-də, yəni sərnişinlərin ən sıx vaxtında müşahidə olunub. "28 May" həmin vaxt Bakı metrosunun ən sıx stansiyalarından biri olur. Bu zaman sərnişinlərin düşürülməsi səkkiz dəqiqəyə yaxın vaxt aparıb".

Qeyd edək ki, bu gün axşam saatlarında "yaşıl xətt" üzrə "Əhmədli"-"Dərnəgül" marşrutu ilə hərəkət edən qatar "28 May" stansiyasında olarkən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.

Bu səbəbdən "28 May" stansiyasında sərnişinlər düşürülüb və qatar nasazlıq ehtimalı ilə xətdən çıxarılıb.

Daha sonra "28 May" və "Elmlər Akademiyası" stansiyalarında tənzimlənmə və təhlükəsizlik tələblərinin təmin olunması üçün girişlərdə nəzarət-buraxılış tədbirləri gücləndirilib. Qısamüddətli məhdudiyyətlər də tətbiq olunub. Əsas hədəf platforma səviyyəsinin ifrat dərəcədə yüklənməsinin qarşısının alınması olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər