Novxanıda fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri Aidə Həşimova və Qasım Həşimovun son durumları açıqlanıb.
Bu barədə Teleqraf.com-a TƏBİB-dən məlumat verilib.
“Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə xəsarət alan 1949-cu il təvəllüdlü şəxsin (kişi cinsli) müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır-stabildir. Bədən səthinin 55%-ni əhatə edən 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən şəxsin yaraları cərrah tərəfindən izlənilir.
TƏBİB-in tabeliyindəki Yeni Klinikaya təxliyə olunan 1959-cu il təvəllüdlü şəxsin isə (qadın cinsli) müalicəsi Reanimasiya şöbəsində aparılıb. Bədənin müxtəlif nahiyələrində çox sayda cırılmış, kəsilmiş, didilmiş yaralar və sol əlinin ovuc qismində dərin kəsik yarası diaqnozu təyin edilib, eyni zamanda rentgen və tomoqrafiya müayinələrindən sonra hər iki bud sümüyün aşağı hissəsində qapalı yerdəyişməli qırıq aşkarlanıb. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Daha sonra ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunub”.