Sumqayıt şəhərində partlayış baş verən binanın bəzi sakinləri hotellərdə yerləşdirilib.
Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, hadisə baş verən bina altı girişdən ibarətdir və mütəxəssislərin rəyi əsasında dekabrın 4-də günorta saatlarından etibarən üç girişdə yaşayış tam bərpa olunub:
“Digər girişlərlə bağlı da tədbirlər davam etdirilir. Mütəxəssislərin rəyi əsasında bu girişlərlə bağlı da addımlar atılacaq. Bəzi ailələr öz yaxınlarının evində, bəziləri isə müxtəlif hotellərdə yerləşdiriliblər. Ötən gün 4 ailə müraciət əsasında hotelə yerləşdirilib. Əgər digər müraciət edənlər olarsa onlar da müvafiq yerlə təmin oluna bilərlər".
Bildirilib ki, hadisənin nəticələrinin aradan qaldırılması üçün İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər davam etdirilir: “Növbəti qərarlara uyğun olaraq, Sumqayıt Şəhər İcra Hakimiyyəti tədbirlər görəcək”.
Əlavə edək ki, dekabr ayının 3-də Sumqayıt şəhərində, 13-cü mikrorayonda yerləşən mənzildə baş vermiş partlayış nəticəsində 6 nəfər dağıntılar altından xilas edilib.
Hadisə zamanı şok keçirən qadın dekabrın 4-də vəfat edib.