Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qətərin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri ilə görüşüb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə noyabr ayında ölkəmizin uğurla ev sahibliyi etdiyi və tarixi nailiyyətlərlə yadda qalan COP29-da Qətər dövlətinin nümayəndə heyətinin iştirakını qeyd edib.
Azərbaycan və Qətər arasındakı münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğunu vurğulayan nazir K.Heydərov iki ölkə liderlərinin səyləri və siyasi uzaqgörənliyi sayəsində əlaqələrin sürətlə genişləndiyini xatırladıb. Bu çərçivədə 2016-cı ildə dövlət başçılarının qərarı ilə fəaliyyətə başlamış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın uğurlu fəaliyyətinə toxunan nazir birgə komissiyanın həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikası və Qətər Dövlətinin fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumları arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə edib, əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan danışıb, 2014-cü ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində görülən işlərə toxunub.
Səmimi görüşə görə təşəkkürünü bildirən Qətər Dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri COP29 kimi qlobal əhəmiyyətli tədbirin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunduğunu və uğurlu nəticələrin əldə edildiyini vurğulayıb.
Səfir iki ölkə arasında münasibətlərin daim genişləndiyini xatırladıb, bu çərçivədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uyğun qurumlar arasında münasibətlərin dərinləşdirilməsinin qarşılıqlı faydasından danışıb. Səfir münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.