Qazaxıstanın Aktua şəhərində qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarədə olmuş Mahmud Tutuncuyev Bakı Avrasiya Universitetinin Regionşunaslıq və iqtisadiyyat fakültəsinin Marketinq ixtisasında təhsil alır.
Bunu Teleqraf.com-a danışan Bakı-Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Fidan Əzizova deyib.
O bildirib ki, Mahmud universitetdə rəhbərlik tərəfindən tanınan ağıllı, savadlı tələbədir:
“Mahmud universitetin üçüncü kurs tələbəsidir. Dostlarının sevdiyi məsuliyyətli gəncdir. Hansı səbəbə Qroznıya getməsiylə bağlı tam detallı məlumatımız yoxdur. Bildiyimiz qədəri ilə Yeni illə bağlı gedib. Dərsdə iştirak etmədiyi üçün qayıb qeyd olunub. Valideynləri Sumqayıtda yaşayır. Dünən qrup yoldaşları da valideynlərinə dəstək olmaq üçün onlara baş çəkiblər. Hazırda Mahmuddan konkret xəbər yoxdur. Valideynləri belə dəqiq məlumat əldə etməyiblər. Biz də xəbər gözləyirik, təki xoş xəbər gəlsin".