Matəm Günü ilə əlaqədar Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində anım mərasimi keçirilir.
Teleqraf.com-un Türkiyə bürosunun məlumatına görə, qardaş ölkənin dövlət və hökümət rəsmiləri, ictimaiyyət nümayəndələri, habelə bu ölkədə yaşayan azərbaycanlılar nümayəndəliklərə gələrək, təyyarə qəzasında həlak olanların ruhlarına dualar oxuyur, başsağlığı verirlər. Anım tədbirləri çərçivəsində ziyarətçilər üçün konsulluqda başsağlığı kitabı da qoyulub.
Xatırladaq ki, səhər saatlarında başlayan anım mərasimi bu gün 16:00- dək davam edəcək.
***
12:04
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Türkiyənin İstanbul şəhərində yad edilib.
Teleqraf.com-un Türkiyə bürosu xəbər verir ki, bu məqsədlə “AZAL”ın İstanbuldakı baş ofisinin qarşısına əklil qoyulub, qara lentlər asılıb.
Anım mərasimində diaspora təmsilçiləri, Türkiyədə fəaliyyət göstərən şirkət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, bu gün Azərbaycanın Türkiyədəki səfirliyində, o cümlədən İstanbuldakı Baş Konsulluğunda bayraqlar yarıya endirilib.