“Azərbaycan Hava Yolları”na məxsus təyyarə mütləq şəkildə Qroznıya enməli idi.
Bu sözləri Teleqraf.com-un Türkiyə bürosuna açıqlamasında ehtiyatda olan türkiyəli hərbi pilot Hüseyn Fazla qəzaya uğrayan təyyarə ilə bağlı danışarkən deyib.
Təcrübəli pilot bildirib ki, mülki təyyarənin Qazaxıstana yönləndirilməsi ağılasığmaz qərardır:
“Təyyarədə baş verən nasazlıq zamanı pilot ən yaxın meydana eniş etməyə çalışır. Nisbətən kiçik nasazlıqda isə ən əlverişli bölgə seçilir. Bu hadisədə təcili eniş zərurəti yaranıb. Əlimizdəki dəlillər bunu göstərir. Belə olan halda pilotun daha uzun məsafəyə uçmaq məcburiyyətində qalmasının bir açıqlaması olmalıdır”.
Hərbi pilotun sözlərinə görə, nümayəndələr arasında Rusiyadan da təmsilçi olmalıdır:
“Nəticə etibarilə Rusiya bu hadisədə tərəfdir. Araşdırma heyətində Rusiyadan nümayəndənin olması şərtdir. Faktlar təqdim olunarkən, onlar buna şahidlik edəcək ki, etiraz ehtimalı olmasın. Ancaq əsas məsul tərəf Qazaxıstandır. Bu heyətə kimlərin daxil olacağına onlar qərar verir. Təqdim olunacaq hesabatda hər şey aydın şəkildə izah edilir. Bu məlumatlar Qazaxıstan tərəfindən şəffaflıqla paylaşılmalıdır”.
Sosial şəbəkələrdə, o cümlədən Rusiya kanallarında hədəf yayındıran versiyalara gəlincə, H.Fazla əlavə edib ki, hava şəraiti ilə bağlı səsləndirilən bütün versiyalar əsassızdır:
“Qəza ilə bağlı müxtəlif spekulasiyalar yayılıb. Hava şəraiti, təyyarənin içində balon partlaması və sair bu kimi iddialar əsassızdır. Bu təyyarələr illərdir o ərazilərdə uçur. Əgər təyyarə vurulmasaydı, mövcud hava şəraitində rahatlıqla eniş edilə bilərdi”.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb. Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Faktla bağlı Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb. Hər iki ölkənin hökumətləri təyyarə qəzasının səbəblərini araşdırmaq üçün komissiyalar yaradıb. Sahə tədqiqatları Azərbaycanın aviasiya administrasiyası ilə əməkdaşlıq çərçivəsində aparılır.