20 Fevral 2015 17:43
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Küveyt əmirinin müşaviri, BMT Baş katibinin humanitar məsələlər üzrə elçisi Abdullah Mətuq Əl-Mətuqu qəbul edib.

QMİ-dən Teleqraf.com-a verilən məlumata görə, görüşdə A.Paşazadə Azərbaycan və Küveyt dövlətləri arasında bütün sahələrdə səmimi qardaşlıq münasibətlərinin mövcudluğunu məmnunluqla qeyd edib. O, dini-mənəvi sahədə əlaqələrin inkişafı yönündə birgə səyləri yüksək dəyərləndirib.

Şeyx Küveyt dövlətinin Azərbaycanın haqq işini hər zaman müdafiə etdiyini xüsusi vurğulayıb və bu qardaşlıq mövqeyinə görə minnətdarlığını bildirib. Qonağın BMT-də daşıdığı vəzifəsinin də önəmli olduğunu və bu məqamda da Azərbaycan dövlətinə olan qardaş münasibətinin bizim üçün dəyərli olduğunu bildirən A.Paşazadə Azərbaycan və Küveyt dövlətlərinin beynəlxalq təşkilatlar müstəvisində hər zaman uğurlu əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

Bir çox beynəlxalq konfranslarda yaxından əməkdaşlıq etdiklərini xatırlayan Abdullah Mətuq Əl-Mətuqu Küveytdə yaradılmış Mötədillik mərkəzinin işində fəal iştirakına görə QMİ sədrinə təşəkkürlərini bildirib. O, A.Paşazadəni əmin edib ki, Küveyt dövləti hər zaman haqqın, ədalətin yanında olacaq və təcavüzə məruz qalmış Azərbaycan xalqının mənafelərini bütün səviyyə və məqamlarda müdafiə edəcəkdir.

BƏXTİYAR


Müəllif: