“Avtobusların hərəkətinə həm operatorlar cədvəl üzrə, həm də tənzimləyici qurum olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən nəzarət edilir”.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mətbuat konfransında Teleqraf.com-un sualına cavab olaraq deyib.
O bildirib ki, uzaqdan müşahidə avadanlıqları vasitəsi ilə avtobusların harada olduğu təhlil edilir:
“Bizim təhlillərdən aldığımız nəticə budur ki, avtobusların bir qismi geciksə də, bir qismi cədvəldən daha sürətlə gedir. Bu, özü də yaxşı hal deyil. Bizim çağırışımız budur ki, cədvəllərə tam ciddi şəkildə əməl edilməlidir. Bu hissədə bizim nəzarət və operatorla işləmək imkanlarımız var. Kifayət qədər nizamlı hərəkəti görə bilirik. Ancaq xüsusən hava şəraiti ilə bağlı hallarda yollarda sıxlıq yarandığı zaman digər avtomobillər tıxacda qalırsa, bu, marşrutların intervalının pozulmasına səbəb olur. Bu, yenə də maarifləndirmə, sürücü davranışı, sürücü mədəniyyətindən irəli gəlir ki, ictimai nəqliyyata daha rahat hərəkət üçün imkanlar yaradılsın”, - nazir müavini qeyd edib.