23-24 iyul 1934-cü il. Bakı.
Paytaxtda türk orkestrinin təntənəli konsert proqramı baş tutur. Şəhər sakinləri, musiqişünaslar bu mədəni ziyafətdən böyük həzz alırlar…
Türk mətbuatının yazdığına görə, dopdolu salon alqış sədaları ilə coşmuşdu. Çünki qardaş Türkiyənin böyük orkestri Moskvadan sonra konsert üçün Bakıya gəlmişdi. Orkestrin şefi isə Osmanlı dönəmində yetişən, Cümhuriyyət dövründə yeniliklərə imza atan Osman Zəki Üngör idi. Türk İstiqlal Marşının bəstəkarı.
Osman Zəki bəy 1880-ci ildə İstanbulda doğulub. İlk təhsilini hərbi musiqi məktəbində alıb. Burada Avropa musiqi ənənələrini öyrənməklə yanaşı, milli musiqi ruhunu da qorumağı bacarıb. Daha sonra Qərb musiqisinin incəliklərini öyrənmək üçün Parisə göndərilən Üngör simfonik musiqi sahəsində dərin biliklərə yiyələnib. O, həmçinin Türkiyə Dövlət Simfonik Orkestrinin ilk dirijoru olub, bu orkestri beynəlxalq səviyyədə tanıtdırıb.
Şübhəsiz ki, onun Türkiyə tarixindəki ən böyük xidməti İstiqlal Marşını bəstələməsidir. Bu marş qısa müddət fərqli şəkildə ifa olunub, nəticədə onun bəstəsi qəbul edilib. Belə ki, 12 mart 1921-ci ildə qəbul edilən İstiqlal Marşı üçün yarışma keçirilməsi təklif olunub. Ardınca 17 mart 1921-ci il tarixində "Hakimiyyət-i Milliyə" qəzetində elan dərc edilib. Marşın bəstələnməsi mərhələsində ilkin olaraq 24 əsər qəbul olunub, lakin seçim edilməyib. Daha sonra 12 fevral 1923-cü ildə İstanbul Maarif Müdirliyi tərəfindən açılmış ikinci yarışmaya 55 əsər təqdim olunub. Bu dəfə Əli Rıfat bəyin bəstəsi əsərlər arasında ən yaxşı olaraq seçilib, amma qərar qəbul edilməyərək tövsiyə xarakterli uyğun görülüb. Bu bəstə 1930-cu ilə qədər səsləndirilib, həmin ildən sonra isə Cümhuriyyət Orkestrinin rəhbəri Osman Zeki Üngörün bəstəsi qəbul edilərək ifa olunmağa başlanılıb.
Üngör marşı necə bəstələməsi ilə bağlı xatirələrində deyib:
“Bir axşam Şişlidəki evimdə oturmuşdum. Qonaq gəldi. Maarif Vəkalətinin Tərbiyə Şöbəsindən müəllim Heydər bəy idi. Oturduq, söhbət edərək bir az içki içməyə başladıq. Heydər bəy mənə süvarilərin İzmirə girməsindən danışırdı. Çox həyəcanlı idim. Tam bu vaxt qapı döyüldü və daha bir qonaq gəldi. Bu dəfə gələn İhsan bəy idi. Yenə eyni mövzuda danışırdıq ki, İhsan bəy cibindən bir kağız çıxarıb şair Mehmed Akifin yazdığı mətni oxumağa başladı. Daha da həyəcanlandım. Dərhal yerimdən qalxıb kamanıma sarıldım və süvarilərin İzmirə girməsini ifadə edən bir boru səsi ilə "Qorxma, sönməz bu şəfəqlərdə üzən al sancaq" sətirlərini çalmağa başladım. İstiqlal Marşımızın başlanğıcındakı həmin boru səsi süvarilərin İzmirə girməsini təsvir edən bir melodiyadır. Marş həmin melodiyadan sonra gəlir. Birdən gələn ilhamla marşı çalarkən Heydər və İhsan bəylə uşaqlarım dərin bir səssizlik içində dinləyirdilər. Qonaqlar getdikdən sonra marşı yenidən çaldım və nota köçürdüm. Həyat yoldaşım yaxşı piano çalırdı. Notu onun qarşısına qoydum, mən də skripkanı götürdüm. Birlikdə yenidən ifa etdik. Həyat yoldaşım dedi: Zəki! Bu yaxşı bir şey oldu. Üzərində işləsən daha da yaxşı olar. Bundan sonra marş üzərində çalışdım və on gün ərzində tamamlayıb bugünkü halına gətirdim”.
Zəki bəy qonorar olaraq aldığı 500 lirəni Uşaqları Himayə Cəmiyyətinə ianə edib.
Üngör 1959-cu ildə vəfat edib.
Qeyd etdik ki, Osman Zəki bəy 1934-cü ildə Bakıda olub. Türkiyənin “Vakit” qəzetinin 27 iyul 1934-cü il tarixli sayındakı xəbərdə yazılıb:
“Çoxdan bəri səbirsizliklə gözlənilən böyük türk şef orkestri Zəki bəyin konserti Bakıda misli görünməmiş izdiham qarşısında verildi. Şəhərin rəsmiləri və Azərbaycanın bütün musiqi həvəskarları konsertdə idilər. Zəki bəy proqramın birinci hissəsini rus musiqisinə, ikinci hissəsini isə türk bəstəkarları Camal Rəşid və Ülvi Camal bəylərin əsərlərinə həsr etmişdi. Rus musiqisini ifadə etməkdə göstərdiyi məharət alqışları cəlb etdi. Türk musiqiçilərinin əsərləri və Azərbaycan havaları çox dərin bir maraq və təqdir ilə qarşılandı, konsert alqışlar sədası altında başa çatdı. İndi bakılılar türk musiqiçisinin gələcək konsertini səbirsizliklə gözləməkdədirlər”.
Bakıda çıxan “Kommunist” qəzetinin 23 iyul 1934-cü il tarixli sayındakı “Türkiyə dirijoru Zəki bəy Bakıda” adlı xəbərdə isə yazılıb: “Türkiyə Cümhuriyyətinin prezidenti adına Türkiyənin vahid simfonik orkestrosunun baş dirijoru Zəki Bəy Bakıya gəlmişdir. Bu gün və sabah Müdafiə Evində onun çıxışı olacaqdır. Zəki bəy Türkiyədə qərbi Avropa musiqisinin ən enerjili təbliğatçısıdır. O, Bethoven və Çaykovskinin əsərlərini Türkiyə xalqına tanıtmaqla bərabər həm də sevdirmişdir. Türkiyənin ən böyük dirijoru Zəki bəyin şəhərimizə gəlməsi bir-birinə yaxın və dost olan Türkiyə xalqı ilə şura xalqlarının mədəni rabitəsinin möhkəmlənməsi əlamətidir…Zəki bəy musiqi təhsilini skripkaçı olaraq almışdır… Türkiyə marşı və bir sıra başqa əsərlər yazmışdır”.
Qəzet Zəki bəyin rus klassiklərinin əsərlərini, Qliyerin “Şahşənəm” əsərindən parçaları, Camal Rəşidin “Türkiyə səhnələri” əsərini ifa edəcəklərini bildirib.
Beləliklə, Üngörün Bakıya gəlməsi ötən əsrin birinci yarısında Azərbaycan-Türkiyə mədəni əlaqələrinin öyrənilməsi baxımından önəmli mövzulardan biridir.