Yanvarın 27-si “Keşlə bazarı” yeni ünvana köçürüləcək.
Bu barədə Teleqraf.com-a bazarın nümayəndəsi Emin Cəbrayılov məlumat verib.
“Yeni bazara hələlik köç olmayıb, köçü yanvarın 27-dən başlamağı nəzərdə tuturuq. Köhnə bazarda satış davam edir. Gələn həftənin birinci günündən satış dayanacaq. Hazırda yeni salınan bazarda təmir işləri davam edir. Burada da məhsullar alıcılara daha münasib qiymətlə təklif olunacaq. Yer məsələsinə gəlincə, köhnə bazarda işləyən hər kəs üçün yer ayrılacaq”,- bazar nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, Bakı şəhəri Nərimanov rayonunda "Keşlə bazarı" kimi tanınan ticarət mərkəzinin sökülməsi qərara alınıb. Bu, həmin ərazidə nəqliyyat sıxlığının azaldılmasında böyük rol oynayacaq yeni yolun çəkilişi ilə əlaqədardır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədar layihənin icrasına start verilib.