II Dünya müharibəsindən sonra nasist cinayətkarların mühakimə edilməsi məqsədilə aparılan Nürnberq məhkəməsi tarixin ən maraqlı hadisələrindən biridir. Bu məhkəmə müharibəni qazanan müttəfiq dövlətlərin (ABŞ, SSRİ, Böyük Britaniya və Fransa) təşəbbüsü ilə yaradılıb, 1945-ci ilin avqustunda imzalanmış London razılaşması ilə rəsmiləşdirilib.
Nürnberq şəhəri tribunalın keçirilməsi üçün simvolik olaraq seçilib, çünki bu şəhər nasistlərin təbliğat mərkəzlərindən biri olub və onların ideologiyasının yayılmasında mühüm rol oynayıb. Tribunalın əsas məqsədi nasist liderlərini müharibə zamanı törədilən cinayətlərə görə məsuliyyətə cəlb etmək idi. Əsas ittihamlar dörd kateqoriyaya bölünmüşdü:
Sülhə qarşı cinayətlər – qanunsuz şəkildə müharibəyə başlama və digər dövlətlərin suverenliyinə hücum;
Müharibə cinayətləri – müharibə zamanı beynəlxalq hüququn pozulması, o cümlədən mülki əhalinin qətli, əsirlərə işgəncə edilməsi və digər zorakılıqlar;
İnsanlıq əleyhinə cinayətlər – Holokost, etnik təmizləmə, mülki əhalinin sistematik şəkildə təqib olunması;
Cinayətkar təşkilatların fəaliyyəti – SS, Gestapo və digər nasist təşkilatlarının cinayətləri.
Nürnberq məhkəməsi beynəlxalq hüquqda bir çox yeniliklərə yol açıb. Ən mühüm yeniliklərdən biri fərdi məsuliyyət prinsipinin tətbiqi idi. Əvvəllər müharibə cinayətlərinə görə yalnız dövlətlər məsuliyyət daşıyırdı, lakin Nürnberq məhkəməsi göstərdi ki, fərdlər də beynəlxalq hüququ pozduqları üçün məsuliyyətə cəlb edilə bilərlər.
Nürnberq məhkəməsi 20 noyabr 1945-ci ildə başlayıb və 1 oktyabr 1946-cı ildə başa çatıb. Məhkəmə prosesində 24 əsas nasist lideri mühakimə edilib. Onlardan bəziləri aşağıdakılardır:
Hermann Gering – Nasist Almaniyasının ikinci adamı və Luftvaffenin rəhbəri
Rudolf Hess – Adolf Hitlerin müavini.
Joachim von Ribbentrop – Nasist Almaniyasının xarici işlər naziri.
Albert Speer – Nasist rejiminin baş memarı və silahlanma naziri.
Məhkəmə prosesində ittiham tərəfi nasist liderlərinin törətdikləri cinayətləri sübut etmək üçün geniş sübut bazası təqdim edib. Sübutlar arasında sənədlər, şahid ifadələri və hətta nasistlərin öz yazılı əmrləri də yer alıb. Məhkəmə nəticəsində 12 nəfər ölüm cəzasına, 3 nəfər ömürlük həbs cəzasına, 4 nəfər isə müxtəlif müddətli həbs cəzalarına məhkum edilib. Üç nəfər isə bəraət alıb.
Nürnberq məhkəməsi sonrakı beynəlxalq tribunallara (məsələn, Yuqoslaviya və Ruanda tribunalı) və Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasına ilham mənbəyi olub. Eləcə də Holokost Nürnberq məhkəməsində təsdiqlənib və insanlıq tarixində ən böyük cinayətlərdən biri kimi tanınıb.
Nürnberq məhkəməsi bir çox uğurlarına baxmayaraq, müəyyən tənqidlərə də məruz qalıb. Əsas tənqidlərdən biri məhkəmənin “qaliblərin ədaləti” prinsipi əsasında qurulduğu iddiasıdır. Belə ki, yalnız məğlub tərəfin cinayətləri mühakimə edilib, müttəfiq dövlətlərin müharibə zamanı törətdikləri cinayətlər nəzərə alınmayıb. Bundan əlavə, bəzi hüquqşünaslar məhkəmənin hüquqi bazasının ex post facto (geriyə tətbiq edilən qanunlar) prinsipi ilə ziddiyyət təşkil etdiyini iddia ediblər.
Bu məhkəmənin bizim üçün maraqlı tərəfi odur ki, orada həmyerlilərimiz tərcüməçi kimi iştirak ediblər. 1945-ci ilin fevral ayından SSRİ Xarici İşlər Nazirliyində baş referent kimi əmək fəaliyyətinə başlayan şərqşünas Ələsgər Məmmədov həmin ilin dekabr ayından 1946-cı ilin fevral ayına qədər alman dili mütəxəssisi kimi Nürnberq prosesinə tərcüməçi qismində cəlb edilib. O, Ənvər Məmmədovla birlikdə hərbi tribunalda iştirak edən iki azərbaycanlıdan biri olub.
Ələsgər Məmmədov nazirlikdə işlədiyi 2 il yarım ərzində Almaniya Xarici İşlər Nazirliyinin ələ keçirilmiş diplomatik sənədlərinin böyük bir qismini, təxminən 30-dan artıq sənədi alman dilindən rus dilinə tərcümə edib.
Ələsgər Məmmədov kimdir?
Pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycanda müasir ərəbşünaslığın banisi Ələsgər Məmmədov 10 oktyabr 1919-cu ildə Cümhuriyyət Bakısında doğulub. 1933-1937-ci illərdə Nərimanov adına Sənaye texnikumunda, 1937-1941-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun alman dili şöbəsində təhsil alan Ələsgər Məmmədov, 1941-ci ilin iyul ayında Şərq dillərini öyrənmək üçün Moskvaya göndərilib və 1944-cü ildə Moskva Şərqşünaslıq Universitetinin ərəb dili üzrə hərbi şöbəsini bitirib. 1945-ci ilin fevral ayından SSRİ Xarici İşlər Nazirliyində referent kimi əmək fəaliyyətinə başlayıb. 1945-1946-cı illərdə yüksək savadlı alman dili mütəxəssisi olaraq Nürnberq prosesində tərcüməçi kimi fəaliyyət göstərib. 1947-ci ildən ömrünün sonuna qədər BDU-da çalışıb, 1957-ci ildə ərəb dili və ədəbiyyatı şöbəsinin açılması ilə ərəbşünaslıq məktəbinin əsasını qoyub. Azərbaycan və rus dillərində yazılmış 30-dan çox ərəb dili dərsliyinin müəllifi olub.
Ələsgər Məmmədov 29 yanvar 2000-ci ildə vəfat edib.
Ə. Məmmədovun Nürnberq məhkəməsindəki iştirakı ilə bağlı müxtəlif məlumatlar mövcuddur. Amma onlar arasında ən önəmlisi 1990-cı ildə “Azərbaycan” qəzetinə verdiyi müsahibəsidir.
“Diplom aldığım gün Böyük Vətən müharibəsi başladı”
Ələsgər Məmmədov müsahibəsində ərəb dili ixtisasına necə yiyələnməsi haqqında bildirib:
“Mənim uşaq yaşlarımdan xarici dil öyrənməyə xüsusi həvəsim vardı. Çox cavankən rus dilini birtəhər öyrənmişdim. Sonralar dilə həvəs məni Azərbaycan Pedaqoji İnstitutunun alman dili şöbəsinə gətirdi. 1941-ci ildə institutu qurtardım. Diplom aldığım gün Böyük Vətən müharibəsi başlandı. İyul ayının 7-də səfərbərliyə alındım. Məni Sovet ordusunun Xarici Dillər İnstitutunun Şərqşünaslıq fakültəsində ərəb dilini öyrənməyə göndərdilər. Bu, mənim həyatımın istiqamətini dəyişdirdi. 1944-cü ilin dekabrında Sovet Ordusunun Xarici Dillər İnstitutunu qurtardım. 1945-ci ilin fevralından SSRİ Xarici İşlər Nazirliyində Ərəb ölkələri üzrə baş referent işləyirdim. Gənc mütəxəssis kimi maaşımın artırılması üçün alman dilindən imtahan vermək qərarına gəldim. İmtahanı alman dili qrammatikasının müəllifi, məşhur alim Grabor-Passak qəbul edirdi. Olduqca dəqiq, ciddi olan bu qadından qiymət almaq müşkül məsələ idi. Mənim əvvəlcədən yaxşı hazırlığım olduğu üçün imtahanı yüksək səviyyədə verdim. Grabor-Passak razı qaldı. Onun məsləhəti ilə alman dili tərcüməçisi kimi Nürnberq beynəlxalq hərbi tribunalına göndərildim”.
“Asılanlar yandırıldı və külləri müxtəlif yerlərə səpildi”
Ə. Məmmədov tribunalla bağlı maraqlı xatirələr bölüşüb:
“Mühakiməyə 24 nəfər baş hərbi cani cəlb edilmişdi. Lakin müttəhimlər kürsüsündə yalnız 21 cani oturmuşdu. Baş canilərdən Gustav Krupp sağalmaz xəstə idi, Robert Ley özünü öldürmüş, Martin Borman isə yoxa çıxmışdı. Mühakimə 1945-ci il 20 noyabrdan 1946-cı il oktyabrın 1-nə kimi davam etdi. Məhkəmənin 403 açıq iclası oldu. 116 şahid və 143 yazılı ifadə dinlənildi. 100 mindən artıq sənəd araşdırıldı. Cinayətlərin törədilməsində baş cinayətkarlarla yanaşı Nasist Partiyası, ali dövlət orqanları, eses dəstələri, ordu, gənc hitlerçilər təşkilatı və başqaları günahlandırıldı. Onlara qarşı ittihamlar tutarlı faktlarla sübut edildi. Baş hərbi canilər haqqında hökm 1946-cı il 30 sentyabrdan 1 oktyabra keçən gecə elan olundu. Canilər bir-bir çağırılır və hökmü dinləyirdilər. 21 canidən 12-si ölüm cəzasına, 3-ü (Hess, Reder, Funk) ömürlük həbsə, 3-ü müxtəlif müddətli həbsə məhkum edildi. Şaxt, Fon Papen və Frice azad edildi. Ölüm cəzasına məhkum olunanların 11-ni asdılar. Gering asılmadan əvvəl intihar etdi. Asılanlar yandırıldı və külləri müxtəlif yerlərə səpildi”.
“30-dan artıq sənəd tərcümə etdim”
Ə. Məmmədov özünün vəzifəsi barədə isə bunları bölüşüb:
“Mühakimə 11 ay davam etdi. Mən isə orada yalnız 2 ay yarım (11. XII. 45 – 20. II. 46) iştirak etdim. Əsas işim alman dilindən rus dilinə yazılı şəkildə sənədlər tərcümə etmək idi. Bəzən istintaqları tərcümə etməyə çağırılırdım. Böyüklü-kiçikli 30-dan artıq sənəd tərcümə etdim. Boş vaxtlarımda məhkəmə zalına da gedir, bilavasitə məhkəmənin gedişini izləyirdim. Orada dəhşətli, qandonduran şifahi və yazılı ifadələr dinlədim. Baş canilərin məhkəmədə özlərini necə apardıqlarının şahidi oldum. Məhkəmədə üzə çıxarılan dəhşətli faktların bir neçəsini qeyd edim: ölüm sobaları, insanları zəhərləyən maşınlar, sümük üyüdən maşınlar, insanlar üzərində ölümlə nəticələnən “təcrübələr”, insan piyindən düzəldilmiş sabunlar, insan dərisindən hazırlanmış abajurlar və s. Bunu qeyd etmək istəyirəm ki, işğal edilmiş sovet ərazisinin “başçısı” Alfred Rozenberqin şəxsən tərcümə etdiyim 18 maddədən ibarət “təlimat”ında belə bir maddə də vardı: “30-35 milyon slavyan kişilikdən və qadınlıqdan məhrum edilməli, Almaniyaya “işlək heyvan” kimi göndərilməlidir”. Məhkəmədə “Ölüm dəyirmanı” adlı sənədli film nümayişi etdirildi. Orada tayalara vurulmuş kişi və qadın saçları, insan dişləri və sair vardı”.
Tərcüməçi məhkəmədəki ab-havanı isə belə təsvir edib: “Mühakimə prosesində müttəfiqlərin nümayəndələri arasında sıx əməkdaşlıq, işgüzar əlaqə və bir-birinə kömək etmək kimi mehribanlıqlar var idi. O zaman Nürnberq Amerikanın işğal zonasında yerləşdiyi üçün məhkəməyə lazım olan sənədlərin mühüm qismi onların əlində idi. Lazım olan sənədləri amerikalılardan çətinlik çəkmədən almaq olurdu”.
Ə. Məmmədov məhkəmədən sonra yenidən SSRİ Xarici İşlər Nazirliyində Ərəb ölkələri üzrə baş referent kimi işləməyə başlayıb: “Ancaq Bakı məni özünə çəkirdi, doğma respublikaya qayıtmaq hissi məni narahat edirdi. Beləliklə, mən Bakıya qayıtdım. 1947-ci ilin oktyabrından indiyədək Şərqşünaslıq fakültəsində işləyirəm. Uzun müddət ərəb dili kafedrasının müdiri olmuşam. Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsinin ilk buraxılışı 1962-ci ildə olub. O vaxtlar biz Baranovun əlyazmalarında olan dərsliklərdən istifadə edirdik. Kitab iki nüsxə olduğundan tələbələr ərəb dilinə bir qədər dərindən yiyələnə bilmirdilər. Buna görə də qərara gəldim ki, Azərbaycan dilində ərəb dili dərsliyi yazım. Bu sahədə ilk kitabım 1958-ci ildə çapdan çıxdı. Ümumilikdə, indiyə kimi 7 ali məktəb, 6 orta məktəb dərsliyim çıxıb. 230 çap vərəqindən artıq elmi əsərim nəşr olunub”.
Mütərcim müsahibəsinin sonunda maraqlı bir xatirə də bölüşüb: “Ermənilərin iddiası və iştahası böyükdür. 1945-ci ildə onların təhriki ilə SSRİ Türkiyədən Qars, Ərdəhan və Ərzurumu tələb edirdi. O vaxt mən Moskvada idim. Baş verən hadisələrin gedişindən və bu tələbin Türkiyədə doğurduğu etirazlardan xəbərdar idim. Türklər deyirdilər: “Baxın, indiki Sovet dövləti də çar hökumətinin yeritdiyi siyasəti aparır!..”
Qeyd edək ki, ikinci mütərcim Ənvər Məmmədov isə 1923-cü il avqustun 15-də Bakı şəhərində müəllim ailəsində dünyaya gəlib. İkinci Dünya müharibəsində iştirak edib, daha sonra Nürnberq prosesində beynəlxalq tribunalın Sovet İttifaqı hissəsinin tərkibində tərcümə bürosunun rəis müavini vəzifəsində çalışıb. O, həmçinin Xalq Komissarlığında və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib. 1956-cı ilədək SSRİ Radio Komitəsinin baş redaksiyasında baş redaktor vəzifəsini tutub. 1959-1960-cı illərdə Ə.Məmmədov Sovet Məlumat Bürosunda baş redaktor, rəisin birinci müavini, 1961-ci ildən “Novosti” Mətbuat Agentliyi (APN) sədrinin birinci müavini olub. O, 1962-ci ildən 1985-ci ilədək SSRİ Dövlət Televiziya və Radio Komitəsi sədrinin birinci müavini vəzifəsini tutub. Ənvər Məmmədov 2023-cü ildə 100 yaşında vəfat edib.