24 Fevral 2015 14:57
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 21-də Türkiyədə “Hacı Zeynalabdin Tağıyev və Qafqaz İslam Ordusu” adlı konfrans keçirilib. Konfransda Türkiyə və Azərbaycanın tanınmış ictimai xadimləri iştirak edib.

“Gündəlik Teleqraf” konfransda iştirak edən siyasi elmlər doktoru, yazıçı Mina Tanseldən tədbirlə bağlı açıqlama alıb.

Xanım Tansel qeyd etdi ki, H.Z.Tağıyev kimi türk və İslam dünyasının iş və kültür həyatının dəyərli şəxsiyyəti Türkiyədə yetərincə tanınmır: “Bu məqsədlə Tarihtaş dərnəyinin təşkil etdiyi bu konfransı mühüm hesab edirəm. Hörmətli Əhməd Baba başda olmaqla toplantını təşkil edənlərə təşəkkür edirəm. Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudovun çıxışını, eləcə də institutun digər əməkdaşları Firdovsiyə Əhmədova ilə, İradə Məmmədovanın mühazirələrinin aydınladıcı olduğunu düşünürəm. Gələcəkdə Türkiyədə daha geniş kütləyə səslənmə fürsəti əldə etmələrini arzulayıram”.

Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sualımıza cavabında isə xanım Tansel əlaqələri yetərli hesab etmədiyini bildirdi:

“Azərbaycan-Türkiyə münasibətlərini həmişə yetərsiz hesab etmişəm. Məsələn, turizm sahəsində daha çox əlaqələrin olmasını, iki ölkə arasında daha çox səyahət məqsədli gediş gəlişin olmasını istəyərdim. Belə olduğu təqdirdə, iki xalq bir-birilərinin oxşarlıqlarını və tarixdən qaynaqlanan fərqliliklərini tanımış olardılar. Halbuki, Türk Hava Yolları ilə Qərbi Avropanın hər hansı bir şəhərinə gediş-gəliş Bakıya gediş-gəlişin qiymətinin təxminən yarısına başa gəlir. Bu gün yenidən nəzər yetirdim: bu həftə içində Bakıya gediş-gəliş 858- 942 Türk Lirəsi arasında dəyişdiyi halda, Amsterdam üçün 555 Türk Lirəsi, Paris üçün 502 Türk Lirəsi, Barselona üçün 418 Türk Lirəsi, Roma için 312 Türk Lirəsi ödəmək lazımdır.

Əvvəlcə bu vəziyyəti aradan qaldırmaq lazımdır. Türkiyə və Azərbaycandakı turizm şirkətləri Türkiyədən gələcək turistlər üçün təyyarə-otel-gəzintini ehtiva edən özəl paket turlarının hazırlanmasında əməkdaşlıq etməlidir”.

Xocalı soyqırımının Türkiyədə necə anılmasına, həmçinin Çanaqqala zəfərinin birgə qeyd edilməsinə gəlincə, xanım Tansel bildirdi ki, təəssüf ki, bu məsələlərə müsbət yanaşa bilməyəcək: “Açığı, 24 apreldə Çanaqqala zəfərinin Azərbaycan və Türkiyənin birlikdə qeyd etməsinin ermənilərə və ya Qərb dünyasına xüsusi təsir bağışlayacağını zənn etmirəm. Belə fikirləşirəm ki, 1915-ci ildəki hadisələr, 19-cu əsrin sonlarında Şərqi Anadoluda yaşanan hadisələr, Qafqazda yaşanan 1905 hadisələrindən və 20-nci əsrin sonunda insanlığın böyük ayıbı olan Xocalı qətliamından ayrı olaraq dəyərləndirilə bilməz, dəyərləndirilməməlidir. 1915 tezisi ilə çıxış edənlərə, daha dünən Xocalıda, Qarabağda baş verən hadisələri xatırlatmaq, soruşmaq lazımdır”

Qeyd edək ki, yazıçı Mina Tansel İbrahim bəy Heydərovun nəvəsidir. İbrahim bəy Dağıstanın komissarı, daha sonra sovet vaxtında Dağıstanın daxili işlər naziri işləyib. Daha sonra həbs edilib. Səbəb kimi isə həbsdə olan müsavatçıların azadlığa çıxmasına yarım etdiyi əsas gətirilib. İbrahim bəy həbsdən qaça bilib, əvvəlcə Fransaya, sonra isə Türkiyəyə gedib.

Bəkir


Müəllif: