30 Yanvar 17:51
284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərinin Atatürk prospekti 237 ünvanında yerləşən 1 və 3 saylı yataqxanaları tamamilə baxımsız vəziyyətdədir.

Teleqraf.com-un Qərb bürosu xəbər verir ki, vaxtilə Xalça Kombinatının işçiləri üçün inşa olunan bu tikililər indi əsl təhlükə mənbəyinə çevrilib.

Hətta kənardan müşahidə də onu göstərir ki, binalar ömrünün son illərini yaşayır. Elə sakinlər də sözün hər mənasında yorulublar. Yüzdən artıq sakinin yaşadığı yataqxanalarda bu günə kimi əsaslı və ya cari təmir işləri belə aparılmayıb. Tikilinin divarları, daşları uçur. Sınıq pəncərələr, işləməyən çirkab su xətləri və saymaqla bitməyən problemlər...

“Binalar qəzalıdır və çox pis vəziyyətdədir. Bu barədə dəfələrlə qurumlara məlumat vermişik. Gəlib baxıblar da, amma bir tədbir görülməyib”, - yataqxana sakini Əli Hüseynov söyləyib.

Rəsmi statistikaya görə, Gəncə şəhərində 19 yataqxana var. Bu binaların əksəriyyəti sovet dövründə müxtəlif təşkilatların balansında olub. Yataqxanaların bəziləri hətta ötən əsrin 30-cu illərinə aiddir. Təmir-bərpa işləri aparılmadığına görə həmin binalar demək olar ki, yaşayış üçün yararsız vəziyyətə düşüb. Gəncədə belə yataqxana binalarının sayı 18-dir. Hətta Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmiləri ərazidə yoxlama aparıb və rəsmi cavab aidiyyəti qurumlara göndərilib.

Problemlə bağlı Gəncə Şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən (MKTİB) Teleqraf.com-a bildirilib ki, FHN-nin apardığı yoxlamalar zamanı bu yataqxanalardan 5-i qismən, 13-ü isə tam yararsız hesab olunub.

“Bu yataqxanada yaşayan sakinlər üçün şəhərin Nizami Gəncəvi prospekti və Kimyaçılar küçəsinin kəsişməsində 9 və 10 mərtəbəli olmaqla 4 bina tikilib. 249 mənzilli yaşayış binaları 1, 2 və 3 otaqlı olmaqla layihələndirilib. Yaxın vaxtlarda istifadəyə veriləcək yeni kompleks Gəncə şəhərində qəzalı yataqxanalarda yaşayan 1000-ə yaxın sakinin mənzil problemini həll edəcək”.- məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər