14:58
215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə 1911-1913-cü illərdə İstanbulda yaşayıb. Bu qısa müddət onun dünyagörüşündə əsaslı dəyişikliklərə səbəb olub, sonrakı fəaliyyətində önəmli rol oynayıb.

1911-ci ilin iyul ayında Cənubi Azərbaycandan İstanbula gələn M. Rəsulzadə Türk Ocağı və “Türk Yurdu” jurnalının qurucuları ilə yaxın münasibətlər qurub, bu dövrdə müxtəlif məqalələr qələmə alıb. İstanbulda yaşadığı müddətdə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ziya Gökalp və Yusuf Akçura kimi türkçülük hərəkatının öndərləri ilə daha sıx əməkdaşlıq edib.

Ziya Gökalp haqqında yazdığı məqaləsində həmin dövrü bu şəkildə izah edib:

“Mərhum Ziya bəyi Nurosmaniyyədəki “Türk Yurdu” idarəxanasında görmüşdüm. Sakit, durğun, alçaqboy və şişman olan bu zat zahiri ilə üzərimdə pək müəyyən bir təsir buraxmamışdı… Bir az sonra mərhumun “Türk Yurdu”nda nəşr olunan “Türkləşmək, islamlaşmaq, müasirləşmək” məqalələri məni vəcdə gətirmişdi… Ziyanın son zamanlarda “türk millətindənəm, İslam ümmətindənəm, Qərb mədəniyyətindənəm” şəklində ifadə etdiyi deviz türkçülük və xalqçılıq ümdələri üzərinə təşəkkül edən milliyyətpərvər Müsavat firqəsinin proqram müqəddiməsində yer tapdı”.

Daha sonra Rəsulzadə Ziya bəyin bu düşüncələrinin Azərbaycan bayrağında da yer aldığını qeyd edib, azərbaycanlı mütəfəkkirlər üzərində böyük təsiri olduğunu bildirib.

Rəsulzadə Yusuf Akçuranın istəyi ilə “Türk Yurdu” dərgisində “İran türkləri” adlı silsilə məqalələr yazıb. Eyni zamanda islamçı “Səbiül-rəşad” məcmuəsində yenə həmin mövzuda yazılar qələmə alıb. Həmçinin “Türk Yurdu” dərgisində Cəmaləddin Əfqaniyə aid “Vəhdəti-cinsiyyə fəlsəfəsi” və “Səadətin altı guşəli qəsri” adlı əsərləri tərcümə edərək dərc etdirib. “Türk Yurdu”nda onun "Odlu Türk" imzası ilə “Xüsusi müxbirimizdən: Bakıdan” adlı məqaləsi də işıq üzü görüb.

Tərcüməçilik fəaliyyətini davam etdirən Rəsulzadə Maksim Qorkinin “Qadın-Ana” hekayəsini türk dilinə çevirərək “İctihad” dərgisində yayımlayıb. Ardınca Qorkidən və Tolstoydan başqa hekayələr də tərcümə edərək ayrıca bir kitab şəklində nəşr etdirib. Bu dövrdə “Təsviri-Əfkar” qəzetində də çalışıb.

Rəsulzadənin Cəmaləddin Əfqaniyə aid əsərləri tərcümə etməsi böyük maraq yaradıb. Krım türklərinin öndərlərindən Cəfər Seydahməd Krımər Rəsulzadənin 70-ci yaş günü münasibətilə qələmə aldığı məqaləsində yazıb:

“Adınızı Parisdəki tələbəlik zamanımda oraya göndərilən “Türk Yurdu” məcmuələrində görmüşdüm. Şeyx Cəmaləddin Əfqani haqqındakı məqalələriniz diqqətimi çəkmiş, bu günə qədər daima artan heyranlıqla bağlandığım o müstəsna şəxsiyyəti mənə sevdirmişdi”.

Professor Yavuz Akpınar tanınmış türk ziyalılarından Hüseyn Kazım Qədri bəyin Rəsulzadəyə xoş münasibəti olduğunu qeyd edib, həmin şəxsin Əli bəy Hüseynzadəyə məktub yazaraq İttihad və Tərəqqinin Məhəmmədəmin bəyə aylıq maaş verə biləcəyini bildirib.

Rəsulzadənin İstanbuldakı həyatı ağır çətinliklər içərisində keçsə də, orada qazandığı təcrübə və dünyagörüşü əsasında Bakıda önəmli yazılar yazmış, mühüm işlər görmüşdü. Rəsulzadə İstanbulda iranlı siyasətçilərdən Seyid Həsən Tağızadə ilə birgə yaşayıb. Tağızadə sonralar yazacaqdı ki, “Rəsulzadə İstanbulda ayda bir lirə ilə yaşadığı günlərdə də öz əqidəsindən dönməmişdi.”

Bu dövrdə Məhəmmədəmin bəy dolanışıq üçün fars dili dərsləri də verib.

M. Rəsulzadənin S. H. Tağızadəyə yazdığı məktublardan onun bu dövrdə İstanbulda Fərəh mehmanxanasında qaldığını öyrənirik. Sonralar – 19 fevral 1924-cü ildə Tağızadəyə göndərdiyi bir məktubunda o illəri belə xatırlayırdı:

“İndi mənzilim Caharsuqapıda olduğu üçün hər gün evə qayıdarkən köhnə Əli Paşa Cümə Məscidinin qarşısından keçirəm. Fərəh binasını xatırlayıram”.

Yaxın silahdaşı Mirzəbala Məhəmmədzadə Rəsulzadənin İstanbuldakı ilk dövründə yazdığı məqalələrin əhəmiyyətini bu şəkildə dəyərləndirib:

“Məhəmmədəmin bəyin “Türk Yurdu”nda yazmağa başladığı “İran türkləri” silsilə məqalələri bir Azərbaycan türklüyünün mövcudiyyətinə işarət edən ilk məqalə sayıla bilər”.

Digər silahdaşı, professor Əhməd Cəfəroğlu isə Rəsulzadənin bu dövrünü belə xarakterizə edib: “Əmin bəy burada Türk Ocaqlarının fəaliyyətində iştirak edib, bu surətlə daşıdığı türkçülük fikirlərini qüvvətləndirərək yeni bir hazırlıq həmləsi ilə 1913-cü ildə qovuşduğu ana yurdunun mətbuatına, gizli təşkilatlarına, mədəniyyət və təhsil müəssisələrinə girərək istiqlalçılığa gedən yolların bütün guşələrini tutmuşdur”.

1911-ci ilin oktyabr ayında Rəsulzadənin İstanbuldan göndərdiyi məktublardakı direktivlər əsasında Bakıda Müsavat Firqəsi qurulub. Şübhəsiz ki, bu firqənin nizamnaməsi də onun İstanbuldakı qazandığı düşüncələr əsasında formalaşdırılıb.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə əfv qərarı çıxıb, Rəsulzadə də Bakıya qayıdıb. Artıq Osmanlı mühitinə yaxından bələd olan Rəsulzadə Bakıdakı yazılarında oradakı hadisələrdən mütəmadi yazıb. Onun 7 iyun 1913-cü ildə “İqbal” qəzetində “Yeni Osmanlı kabinəsi və Tələt bəy”, “Şəlalə” dərgisinin 20 və 27 iyul 1913-cü il tarixli nömrələrində “Yeni lisançılar və türkçülər” başlıqlı məqalələri dərc edilib.

Həmçinin 1913-cü ilin iyun-iyul aylarında “İqbal” qəzetində “Türkiyədə qadınlar” adlı geniş həcmli yazısı işıq üzü görüb. 24 və 26 iyun 1916-cı ildə isə “Açıq söz” qəzetində “Orucluq xatirələri. İstanbulda Ramazanlıq” başlıqlı mühüm məqaləsi dərc edilib.

Beləliklə, Rəsulzadənin 1911-1913-cü illərdəki İstanbul həyatı onun dünyagörüşünə böyük təsir göstərib. Təsadüfi deyil ki, 5 il sonra o, müstəqil Azərbaycanın təmsilçisi olaraq İstanbulda olduğu zaman türk mətbuatı və siyasi elitası artıq onu tanıyırdı…


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər