"Laboratoriyaya daxil olan virus xəstəliklərinə şübhəli insanlardan götürülmüş yaxmalardan donuz qripi aşkar edilməyib".
Bunu Teleqraf.com-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, ötən ilin sentyabr ayından etibarən qripin spesifik profilaktikası üçün ölkəyə 4 valentli peyvəndlər gətirilib və ambulator tibbi xidmət göstərən tibb müəssisəllərində əhali bundan yararlanıb. Donuz qripindən qeyri-spesifik qorunma tədbirləri digər respirator virus infeksiyaları ilə eynilik təşkil edir və əhali bu haqda mütəmadi məlumatlandırılır. Zəruri hallarda daha ciddi əksepidemik tədbirlər görülə bilər".
Təyyar Eyvazovun sözlərinə görə, donuz qripinin fərqləndirici xüsusi əlamətləri yoxdur.
"Mövsümi qrip kimi seyr edir. Özündə respirator xəstəlik əlamətlərini hiss edən hər bir şəxs birinci növbədə özünü təcrid etməlidir. Risk qrupunda olanlar dərhal, sağlam insanlar isə 3 gündən sonra vəziyyəti pisləşdikdə, fəsadlaşma baş verdikdə həkimə müraciət etməlidir. Qrip diaqnozunun qoyulması üçün burun-udlaqdan yaxmanın götürülməsi və xüsusi laboratoriyada təsdiqlənməsi tələb olunur. Qripə qarşı istifadə olunan antiviral dərman yalnız təsdiqlənmiş infeksiya hallarında verildikdə efektivdir. Ağır gedişli, fəsadlaşmış qripli xəstələri hava-damcı infeksiyaları üçün nəzərdə tutulmuş infeksion şöbələrə yerləşdirmək lazımdır".- Eyvazov vurğulayıb.
Qeyd edək ki, Gürcüstanda son həftələrdə donuz qripindən bir neçə ölüm faktı qeydə alınıb.