26 Fevral 2015 04:42
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Romada İtaliya Senatının kitabxanasında İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsi (İHİHK), İnsan Hüquqları üzrə İtaliya Liqası (İHİL), La Sapienza Universiteti, Brüsseldə yerləşən “No Peace without Justice” təşkilatı tərəfindən “Beynəlxalq humanitar hüquq və silahı münaqişələrdə mülki əhalinin müdafiəsi: Xocalı nümunəsində” mövzusunda beynəlxalq konfrans keçirilib.

Teleqraf.com-un məlumatına görə, konfransda İtaliyanın akademik, təhsil və işgüzar dairələrinin təmsilçiləri, Romada akkreditə olunmuş diplomatik korpusun, KİV-lərin nümayəndələri, bu ölkənin müxtəlif tədqiqat mərkəzlərinin üzvləri iştirak ediblər.İHİHK-nın baş katibi Antonio Stanqonun moderatorluğu ilə keçirilən tədbirin məqsədi Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində bu faciənin tarixi və hüquqi aspektlərini təhlil etmək olub.Konfransda çıxış edən İtaliya Senatının insan haqları komitəsinin sədri Luici Mankoni insan haqlarının müdafiəsinin milli və beynəlxalq səviyyələrdə müzakirə olunmasının vacibliyini vurğulayaraq deyib:

“Fundamental hüquqların müdafiəsi təkcə milli sərhədlər daxilində həyata keçiriləcək bir məsələ deyil. Bu, bütün beynəlxalq birliyi narahat edir”. İHİL-in prezidenti, professor Alfredo Arpaia hələ də həllini tapmayan bu qlobal səviyyəli problemin müzakirəsinə şərait yaratdığı üçün təşkilatçılara minnətdarlığını bildirib. O, Xocalıda baş verən dəhşətli hadisələri bir daha xatırladaraq faciə nəticəsində həyatını itirən insanlardan və şəhərin tamamilə dağıdılmasından bəhs edib.

Diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurası işğalçı qoşunların Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqında dörd qətnamə qəbul etsə də, Ermənistan bu nüfuzlu beynəlxalq təşkilatın tələblərinə məhəl qoymur. Bu problemin həllinə beynəlxalq səviyyədə yetərincə diqqət ayrılmır. “No Peace without Justice” təşkilatının nümayəndəsi Qreta Barbone Xocalıda törədilən cinayətlərin nümunəsində beynəlxalq vəziyyəti təhlil edərək vurğulayıb ki, Xocalı hadisələrini və buna bənzər faciələri törədənlərin bir çox hallarda cəzasız qalmaları təəssüf doğurur.

“Mülki əhalinin müdafiəsi və beynəlxalq cinayətlər” mövzusunda məruzə ilə çıxış edən “Reggio Calabria” Aralıq dənizi Universitetinin beynəlxalq hüquq üzrə tədqiqatçısı, professor Marina Mançini isə müharibə cinayətlərinin müxtəlif aspektlərini təhlil edib. O, təəssüflə vurğulayıb ki, münaqişələrin əsas qurbanları mülki şəxslər olur. Dağlıq Qarabağ münaqişəsi çərçivəsində məhz bu tip bir sıra cinayətlər törədilib.

Bu cinayətləri törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. İtaliyanın müxtəlif ölkələrdəki sabiq səfiri Quido Lenzi müharibə cinayətlərinin beynəlxalq təşkilatlar səviyyəsində tədqiqi ilə bağlı məqamlara toxunaraq bildirib ki, cinayətin bu növünün araşdırılması daha ehtiyatlı və həssas yanaşma tələb edir.Sonra “Unudulmuş münaqişə: Dağlıq Qarabağ müharibəsindən 20 il sonra” kitabının müəllifi, isveçrəli jurnalist Andre Vidmer işğal olunmuş ərazilərdə və cəbhə xəttində vəziyyət barədə danışıb.

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və işğal edilmiş Azərbaycan torpaqlarında olmuş jurnalist həmin ərazilərdəki vəziyyəti fotoların köməyi ilə təsvir edib. Bildirib ki, cəbhə xəttində tez-tez silah səsləri eşidilir və insanlar qorxu içində yaşayırlar. Münaqişə nəticəsində məcburi köçkün və qaçqına çevrilmiş azərbaycanlıların öz doğma yurdlarına qayıtmalarının vacibliyini vurğulayan Andre Vidmer Avropanın bu məsələyə daha həssas yanaşmalı olduğunu deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin şöbə müdiri Rövşən Sadıqbəyli Xocalıda törədilən cinayətlərin hüquqi aspektlərini analiz edib. Soyqırımı zamanı baş verənləri müxtəlif yanaşmalardan iştirakçılara təqdim edən R.Sadıqbəyli mülki şəxslərin qətlə yetirilməsi faktını diqqətə çatdırıb. Bildirib ki, bu hadisələr təkcə milli səviyyədə deyil, beynəlxalq birlik tərəfindən də soyqırımı aktı kimi qəbul olunub, hətta bəzi erməni mənbələrində bu hadisələr belə dəyərləndirilir.

Daha sonra La Sapienza Universiteti tərəfindən italyan dilində nəşr olunmuş “Ermənistan və Azərbaycan arasında münaqişə. Tarix, hüquq, danışıqlar” kitabının təqdimatı olub. Nəşri təqdim edən təhsil ocağının prorektoru Antonello Biacini diqqətə çatdırıb ki, Tofiq Musayev və İlqar Məmmədovun həmmüəllifləri olduqları kitab münaqişənin tarixi və hüquqi aspektlərini əks etdirir.

Kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, səbəbləri və nəticələri barədə faktlara əsaslanan dolğun məlumatlar yer alıb. Nəşr İtaliya ictimaiyyətinin bu problemlə bağlı məlumatlandırılmasında yaxşı vasitə olacaq. Tədbir mövzu ətrafında debatlarla davam etdirilib.


Müəllif: