26 Fevral 2015 15:40
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arye Qut: “Bir güllə ilə 3 hədəfi vuracağıq”

“Xocalı faciəsi ilə bağlı ancaq fevraldan fevrala iş görməməliyik. Xocalı hər zaman ürəyimizdə olmalıdır”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut deyib. O, İsraildə yaşamasına baxmayaraq, Azərbaycanı özünün bir hissəsi olduğunu diqqətə çatdırıb: “İsraildə yaşasam da, Azərbaycan mənim Vətənimdir. Bu mənada Xocalı mənim üçün çox ağır mövzudur. İsraildə Xocalı ilə bağlı görülən işlərə Heydər Əliyev Fondu çox böyük dəstək olur və Azərbaycan diasporası ilə birgə işləri həyata keçiririk. Amma düşünürəm ki, hər zamanın öz vasitələrindən istifadə etmək lazımdır. Vaxt vardı, biz çoxlu tədbirlər keçirirdik, amma bu gün dünyaya çıxmaq fikri, düşüncəsi olmalıdır. Misal üçün, soyqırımı ərəfəsində İsraildən beynəlxalq telekanalı Bakıya gətirmişəm. Biz nə qədər dünyaya televiziya, radio, qəzet vasitəsilə çıxarıqsa, o qədər Azərbaycan, o cümlədən Xocalı haqqında informasiya olacaq. Hesab edirəm ki, Azərbaycan özünün təbliğat gücünü artırmalıdır. Təkcə, İsraildə deyil, Amerikada və dünyanın bir çox ölkələrində təbliğat işini aparmalıdır. Amerikada dostlarım var, onların da hamısı işləməyə hazırdır. Açıq deyirəm ki, mən İsraillə Amerika arasında körpü olmağa hazıram”.

Yəhudi ekspert bildirib ki, İsrail telekanalında Azərbaycanla bağlı silsilə verilişlər olacaq və bu gələn həftədən efirlərə çıxacaq. A.Qut deyib ki, beynəlxalq telekanalda Azərbaycanla bağlı verilişlər 3 dildə-ingilis, fransız və ivrit dilndə olacaq: “Yəni, biz bir güllə ilə 3 hədəfi vura bilirik. Həmçinin qeyd edim ki, ötən həftə “The Jerusalem Post Magazine” qəzetində Azərbaycan haqqında böyük bir məqalə çap edilib. Bu qəzet ABŞ Dövlət Departamentində oxunan bir qəzetdir. Qəzetin 3 səhifəsi Azərbaycana həsr olunub. Azərbaycanla İsrail arasında 20 ildən çoxdur əlaqələr var, amma Azərbaycan haqqında bu səpkidə bir material olmayıb”.

Erməni lobbisinin görülən işlərə maneçilik törədib-törətməməsi ilə bağlı sualı cavablandırarkən A.Qut deyib ki, 3 ay əvvəl Amerika yəhudi qəzetində “Ermənistanda antisemitizm” adında bir məqaləsi dərc edilib: “Həmin məqaləmdə Ermənistanda antisemitizm olması faktını ortaya qoydum. Bu yazıdan sonra ermənilər haqqımda olmazın iddialarını irəli sürdülər və belə demək olarsa, başıma oyun açdılar. Deyirdilər ki, o, Azərbaycan tərəfindən “alınmış” bir adamdır. Mən də bəyan etdim ki, faktlarla danışıram. Bu gün Ermənistanda nə qədər yəhudi var? Heç, yüz yəhudi yoxdur. Amma Azərbaycanda 30 min yəhudi var. Ermənistanla İsrail arasında əlaqələr sıfır səviyyəsindədir. İsraillə Azərbaycan arasında isə iqtisadi əlaqələr genişdir və ticarət dövriyyəsi 5 milyarddır. Bundan başqa İsraildə Azərbaycan diasporası, Azərbaycanda yəhudi diasporası var. Bu faktlar onu göstərir ki, biz daha çox çalışmalıyıq, əlaqələri genişləndirməliyik. Ermənistandakı antisemitizmdən bəhs edən məqaləm işıq üzü görəndən sonra Amerikadakı informasiya agentliyi yaydı və məqalə Dövlət Departamentinə gedib çıxdı. Orada dinləmələr keçirilən zaman qeyd edildi ki, Ermənistandakı antisemitizmdən xəbərimiz yoxdur, ancaq Arye Qut İsraildən bizə xəbər edir. Bu da faktiki olaraq onu göstərir ki, daha çox çalışmalıyıq”.

BƏXTİYAR


Müəllif: