1 Mart 2015 00:58
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə keçirilən “ Azərbaycan günü “ tədbirləri ilə əlaqədar bu ölkədə işgüzar səfərdə olan Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov Fransanın milli təhsil, ali təhsil və tədqiqat nazirinin baş diplomatik müşaviri Elza Kombi ilə görüşüb.Görüşdə Azərbaycan ilə Fransa arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində son illər görülən işlərdən və bu əlaqələrdə təhsil sahəsinin önəmli rolundan söz açılıb.

İki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişləndirilməsi, akademik mobilik, birgə elmi tədqiqatların aparılması və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.Belə görüşlərin iki ölkə arasında təhsil sahəsində əlaqələrinin inkişafına öz töhfəsini verəcəyini söyləyən E.Kombi bunun birgə əməkdaşlığın daha səmərəli davam etdirilməsindəki mühüm rolunu vurğulayıb. “Azərbaycan günü” tədbiri çərçivəsində keçirilən görüşlərin əhəmiyyətinə toxunan natiq bu ilin martında Fransanın təhsil işçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini bildirib.

Son illər Azərbaycan ilə Fransa arasında əlaqələrinin inkişaf etdiyini diqqətə çatdıran nazir müavini Firudin Qurbanov təhsil sahəsində də əməkdaşlığın daha əlverişli şəkildə qurulmasından və nəzərdə tutulmuş işlərdən söz açıb. Nazir müavini bildirib ki, ilk dəfə olaraq Azərbaycan universitetlərinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti “Azərbaycan günü” tədbirində iştirak etmək üçün Fransaya gəlib. “Azərbaycan günü” tədbirinin iki ölkənin ali təhsil müəssisələri arasındakı əməkdaşlıqda önəmini vurğulayan F.Qurbanov ölkəmizdə təhsilin inkişafı istiqamətində atılan addımlar, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlər və azərbaycanlı gənclərin xaricdə təhsili barədə geniş məlumat verib.

Görüşdə Azərbaycanda fransız dilinin tədrisi, SABAH qruplarında fransız dilinin tədrisinin nəzərdə tutulması, mart ayında keçiriləcək görüşlərə hazırlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli təhsil əlaqələrinin gələcək əməkdaşlığın inkişafına əminlik ifadə olunub.Görüşdə Fransanın Azərbaycandakı səfiri Paskal Monye və Strasburq Universitetinin prezidenti Alen Beretz iştirak ediblər.


Müəllif:

Oxşar xəbərlər