1 Mart 2015 17:13
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyanın “Senica” xəbər portalı Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Ədalət axtarışında, Serbiyaya müraciət” sərlövhəli məqaləsini yayıb.

Məqalədə Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerləşən Xocalı şəhərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən dağıdıldığı, 106-sı qadın, 63-ü uşaq olmaqla 613 dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü vurğulanır.

Qeyd olunur ki, Xocalı soyqırımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı hadisəsi kimi tarixə düşüb. Yazıda bildirilir ki, silahsız xocalılara qarşı bu cür soyqırımının törədilməsi beynəlxalq səviyyədə də öz təsdiqini tapmalıdır: “Müxtəlif beynəlxalq təşkilatlar, media qurumları Xocalı hadisələrini tez-tez gündəmə gətirirlər.

“Human Rights Watch” təşkilatının və Rusiyanın “Memorial” Hüquq Müdafiə Mərkəzinin hesabatlarında Ermənistan silahlı qüvvələrinin Xocalıda mülki vətəndaşlara qarşı törətdikləri cinayətə görə məsuliyyət daşıdıqları qeyd olunur”. Müəllif yazır: “Beynəlxalq birlik ermənilər tərəfindən təkcə Xocalıda deyil, Azərbaycanın digər bölgələrində - Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı kəndlərində törədilmiş qətliamları da tanımalıdır.

Gələcəkdə bu kimi cinayətlərin qarşısının alınması üçün günahkarlar mütləq cəzalandırılmalıdırlar”. Həm Azərbaycanın, həm Serbiyanın aqressiv separatizmlə üz-üzə qaldığının vurğulandığı yazıda diqqətə çatdırılır ki, ölkələrimiz ərazi bütövlüklərinin pozulması halları ilə qarşılaşıb. Bu baxımdan xalqlarımız eyni taleyi bölüşürlər. Xeyli sayda qaçqın və məcbur köçkünlərinin olduğu hər iki ölkə ədalətin bərpa olunmasını səbirsizliklə gözləyir.

Azərbaycanlı və serb məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqları günün arzusu ilə yaşayırlar. Müəllif məqaləsinin sonunda yazır: “Əminəm ki, Serbiya ATƏT-ə sədrlik etdiyi dövrdə Xocalı hadisələri ilə bağlı ədalətsizliyin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görəcək. Bununla Serbiya Cənubi Qafqazda təhlükəsizliyin və sülhün bərpasına da öz töhfəsini vermiş olacaq”.


Müəllif:

Oxşar xəbərlər