Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə həyata keçirdiyi “Məcburi köçkün gənclərin informasiya texnologiyalarından səmərəli istifadənin təbliği” layihəsinə yekun vurub.
Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, Virtual Qarabağ İKT Mərkəzində keçirilən yekun seminarda layihənin məqsədi kimi məcburi köçkün yeniyetmə və gənclərin informasiya texnoloğiyalarından səmərəli istifadə edərək Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş torpaqlarımız və s. haqqında həqiqətlərin İKT vasitəsilə təbliği, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında informasiya texnologiyalarının əhəmiyyəti əsas müzakirə mövzusu olub.
Mərkəzin koordinatoru Nurəddin Mehdiyev QMKGT-nin həyata keçirdiyi layihənin əhəmiyyətini qeyd edib. O, Virtual Qarabağ İKT Mərkəzinin yaradılmasını Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda öz əksini tapdığını, Gənclər və İdman, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, 7 tərəfdaş gənclər təşkilatının əməkdaşlığı nəticəsində fəaliyyət göstərdiyini bildirib .
Virtual Qarabağ İKT Mərkəzinin fəaliyəti, həyata keçirdiyi layihələr, görülən işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verən N.Mehdiyev qaçqın və məcburi köçkün yeniyetmə və gənclərin bu sahədə daha fəal olmalarının zəruri olduğunu vurğulayıb.
Virtual Qarabağ İKT Mərkəzi tərəfindən yaradılan saytla gənclər əyani tanış olublar. Mərkəzin ərsəyə gətirdiyi filimlər, yazılan musiqilər haqqında gənclər məlumatlandırılıblar. 3D formatınla “Şuşaya Virtual səyahət” və “Qarabağa doğru” filmləri nümayiş olunub.
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov həyata keçirilən layihəyə bu mərkəzdə yekun vurulmasının mənəvi əhəmiyyət daşıdığını bildirib. O, layihənin yüksək səviyyədə icra olunduğunu, iştirak edən gənclərin fəallığını xüsusi vurğulayıb.
BƏXTİYAR