Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi innovativ texnologiyaların tətbiqi nəticəsində sabit telefon şəbəkəsi tarixində ilkə imza atıb.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, “Aztelekom” “585” “Daşınan şəhər telefon xidməti”ni işə salıb. Xidmətin tətbiqi nəticəsində Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefonlar artıq bölgələrdə də “585” indeksi ilə eyni statusla işləyəcək. Belə ki, regionlardakı hər bir müştəri Bakı şəhər telefonlarından istifadə edə biləcək.
Alternativi olmayan bu xidmət nəticəsində Bakı şəhər telefon nömrəsi respublika ərazisində istənilən yerə daşınacaq. Şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə ödənişsiz danışıqlar aparmaq mümkün olacaq. Bununla da daha dayanıqlı rəqəmsal rabitə yaranacaq və rabitə sahəsində ilk dəfə “şəhər-kənd” arasında rəqəmsal uçurum yox olacaq.
Daşınan telefonlarla respublikanın bütün (Naxçıvan MR istisna olmaqla) ərazisində bir-biri ilə limitsiz və pulsuz danışmaq mümkündür. Ayda 15 manat abunə haqqı ödəməklə “585” indeksli telefonlara sahib olmaq mümkündür.
İLHAMƏ