3 Mart 2015 19:18
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Tadueş İvinski ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf/com-a verilən məlumata görə, Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığı vurğulayan nazir ötən il ölkəmizin Avropa Şurası Nazirlər Komitəsindəki uğurlu sədrliyini, eləcə də bu mötəbər qurumun Azərbaycan üçün qəbul olunmuş 2014-2016-cı illər üzrə Fəaliyyət Planının icrası üzrə tədbirləri qeyd edib, T.İvinskini yeni həmməruzəçi təyin olunması münasibətilə təbrik edərək ona uğurlu fəaliyyət arzulayıb.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, hakimlərin sayının artırılması, onların Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən seçimi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti və onun səlahiyyətlərinin genişləndirilməsi, elektron məhkəmənin tətbiqi, infrastrukturun müasirləşdirilməsi üzrə görülən işlər barədə həmməruzəçiləri məlumatlandırıb. Həmçinin penitensiar sistemin inkişafı, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, bu məqsədlə bölgələrdə yeni müasir penitensiar müəssisələrin inşası üzrə tədbirlər diqqətə çatdırılıb.

T.İvinski əvvəllər Azərbaycana səfər etdiyini və xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşünü xatırladaraq ölkəmizlə bağlı və həyata keçirilən demokratik proseslər barədə məlumatlı olduğunu bildirib. Həmməruzəçilər məhkəmə-hüquq sistemindəki nailiyyətləri maraqla qarşılayaraq təqdir edib, Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyətə, o cümlədən səfər zamanı penitensiar müəssisələrə baş çəkmək üçün şərait yaradılmasına görə minnətdarlığını ifadə edib.

Görüşdə, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqlarının təminatı və digər mövzular üzrə faydalı fikir mübadiləsi aparılıb, maraq doğuran məsələlərə aydınlıq gətirilib.

Tədbirdə Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri xanım Draqana Filipoviç iştirak edib.


Müəllif:

Oxşar xəbərlər