“Sığortalı gənclik” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində tələbələrə sığorta təlimi keçilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTI) təşkilatçılığı və “Buta Sığorta”-nın tərəfdaşlığı ilə keçirilən tədbirdə Universitetin 60 tələbəsi iştirak edib.
ASA nümayəndələri tədbir iştirakçılarına layihənin məqsədi və sığorta ilə bağlı maariflənmənin əhəmiyyətindən danışıblar.
Tələbələrə, həmçinin, sığortanın tarixi, dünya sığorta bazarında gedən proseslər, Azərbaycanın sığorta sektorundakı mövcud vəziyyətlə bağlı geniş məlumat verilib, sığortanın mahiyyəti və onun faydaları barədə danışılıb.
Görüşdə tələbələrin sığorta ilə bağlı sualları cavablandırılıb, onlarla fikir mübadiləsi aparılıb. İştirakçılar sığorta sahəsinə aid maraqlı fikirlər səsləndiriblər. Ümumilikdə, iştirakçılar təlimi maraqla qarşılayıb və faydalı məlumatlar əldə etdiklərini bildiriblər.
Xatırladaq ki, “Sığortalı gənclik” layihəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Təşkilatçılar Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyidir.
Layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır.
Naibə QURBANOVA