4 Mart 2015 21:21
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Başı Şəhər Təhsil İdarəsi Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin I siniflərinə şagird qəbulunun elektron sistem vasitəsilə aparılması ilə əlaqədar məlumat yayıb.

İdarədən Teleqraf.com-a daxil olan məlumatda bildirilir ki, Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı 2015-ci il martın 5-dən sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.

Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq elektron sənəd qəbulu komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ sənəd qəbulu komissiyası tərəfindən aparılacaq.

Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara da qeydiyyat elektron formada martın 15-dən aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbulu müsabiqə əsasında keçirən müəssisələrə, lisey və gimnaziyalara martın 15-dən aprelin 15-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaq.
İyulun 13-dən 31-dək Bakı şəhərinin hər bir inzibati rayonu ərazisində yaradılmış Komissiya tərəfindən “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən aparılan müsahibədə iştirak edəcəklər (qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahandan uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəbəhazırlıq qruplarını bitirənlər istisna olmaqla).

Ümumilikdə, qeyd edilməlidir ki, tətbiq edilən elektron sistem mövcud olan I sinfə qəbul prosedurlarında hər hansı bir dəyişiklik nəzərdə tutmur.

İstifadəçilər üçün təlimatlar, məlumatlandırıcı videoçarxlar və Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil olunmuş telefon məlumat xidməti vətəndaşların elektron sistemdən istifadəsini asanlaşdıracaq.

NİGAR


Müəllif: