6 Mart 2015 12:20
1 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda təhlükəli, kəskin respirator infeksion xəstəlik yayılıb. Qripə yoluxduğunu güman edənlər bu xəstəlik əleyhinə istifadə etdikləri dərmanların heç bir təsir göstərməməsindən şikayətlənirlər. Sən demə, buna səbəb hazırda ölkə ərazisində adi qrip yox, paraqrip viruslarının yayılmasıdır. Həkimlərin dediyinə görə, bu xəstəlik havanın temperaturunun dəyişməsi ilə yaranan kəskin respirator xəstəlikdir.

Ölkə ərazisində qripin ən kəskin forması olan A virusunun dolaşdığı bildirilir. Hazırda paytaxtda bu infeksion xəstəliyə yoluxanların sayı çox olsa da, aidiyyəti tibb müəssisələri təhlükəli vəziyyətin istisna edildiyini söyləyirlər.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-pulmonoloqu Elmira Qarayeva ölkədə qrip epidemiyasının müşahidə olunmadığını söylədi, sadəcə, zökəm, soyuqdəymə kimi xəstəliklərin qeydə alındığını bildirdi: “Görünür, bu, havaların mülayim keçməsi ilə bağlıdır, amma yaxın günlərdə hava kəskin dəyişərsə, virusa yoluxanların sayında artımın ola bilər. Qrip törədən əsasən A, B, C viruslarıdır, onlar da bu il kütləvi şəkildə heç kəsdə aşkarlanmayıb”.

Qeyd edək ki, A virusu qripin ən kəskin formasıdır. A virusları ən qorxulu xəstəlik törədiciləri sayılır. Bu viruslar epidemiya, hətta pandemiya yaratmaq qabiliyyətinə də malikdir.

Orqanizmdə immunitetin aşağı olması, vitamin çatışmazlığı fəsil dəyişikliyi ərəfəsində qripə oxşar xəstəliklərin yayılmasına səbəb olur. İmmuniteti aşağı olan insanlar bu xəstəlikləri daha ağır keçirirlər.

Boğaz ağrısı dərmanlarına tələbat artıb

Bu arada, apteklərdə qripə qarşı təyin edilən dərmanlara tələbat da artıb. Əczaçılar hər il qış mövsümündə qrip və soyuqdəyməyə görə təyin olunan dərmanların satışının yüksək olduğunu deyirlər. “Riyad Farm” apteklər şəbəkəsinin satıcısı Ülviyə Həsənovanın sözlərinə görə, ən çox tələbat “İnterferon”, “Orbidol”, “Ferveks”, “Tylol Hot”, "Qrip Hot", “Nogrippin” preparatları və boğaz ağrısının müalicəsində istifadə olunan müxtəlif adda sirop və spreylərə olub. Satıcı deyir ki, mart ayına qədər soyuqdəymə və qrip əleyhinə preparatların satışı ən yüksək həddə çatır.

O, dərman biznesi ilə məşğul olanların səbirsizliklə məhz bu mövsümü gözlədiyini bildirdi: “Ən çox tələbat toz şəklində olan preparatlara, tərkibində vitamin C olan siroplara, boğaz ağrısı əleyhinə dərmanlaradır. Bu cür dərmanların çoxu reseptsiz satıldığı üçün əlçatandır”.

Amma hazırda qrip virusu yayıldığı üçün martın sonuna qədər bu dərmanlara tələbat yüksək olaraq qalacaq.

Dünyasını dəyişənlərin 2,8 faizi

Son illər Azərbaycanda yenitörəmələrdən, tənəffüs orqanlarının xəstəliklərindən, travma, zəhərlənmə və xarici səbəblərin təsirinin digər nəticələrindən ölənlərin sayının artdığı barədə rəsmi açıqlama verilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü illə müqayisədə 2014-cü ildə qan dövranı sisteminin xəstəliklərindən ölənlərin sayı azalıb.

2014-cü ildə Azərbaycanda qan dövranı sisteminin xəstəliklərindən ölənlər ümumi ölənlərin 60,1 faizini, yenitörəmələrdən ölənlər ümumi ölənlərin 12,6 faizini, həzm sisteminin xəstəliklərindən ölənlər ümumi ölənlərin 5,2 faizini, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölənlər ümumi ölənlərin 4,9 faizini, tənəffüs orqanlarının xəstəliklərindən ölənlər ümumi ölənlərin 3,6 faizini, infeksion və parazitar xəstəliklərdən ölənlər ümumi ölənlərin 0,9 faizini, digər səbəblərdən ölənlər isə ümumi ölənlərin 12,7 faizini təşkil edır.

2013-cü ildə isə Azərbaycanda qan dövranı sisteminin xəstəliklərindən ölənlər ümumi ölənlərin 63,2 faizini, yenitörəmələrdən ölənlər ümumi ölənlərin 11,7 faizini, həzm sisteminin xəstəliklərindən ölənlər ümumi ölənlərin 5,2 faizini, travmalar, zəhərlənmələr və xarıcı səbəblərin təsirinin digər nəticələrindən ölənlər ümumi ölənlərin 4,1 faizini, tənəffüs orqanlarının xəstəliklərindən ölənlər ümumi ölənlərin 2,8 faizini, infeksiyon və parazitar xıstəliklərdən ölənlər ümumi ölənlərin 1,1 faiz, digər səbəblərdən ölənlər isə ümumi ölənlərin 11,9 faizini təşkil edir.

Bu xəstəlikdən şikayət edənlərin sayı çoxdur

10 saylı poliklinikanın terapevti Gülnarə Süleymanova da təsdiqləyir ki, hazırda əhalinin icbari müayinəsi zamanı müşahidə edilən xəstəliklər sırasında tənəffüs yollarının və ağciyər xəstəliklərindən şikayətçilərin sayı çox olub.

Həkimin sözlərinə görə, şikayətçilər arasında kişilər qadınlara nisbətən daha çoxdur ki, müsahibimiz bunu kişilərin zərərli vərdişlərə daha çox meyilli olması ilə izah edir: “Adi qaydalar var ki, insanlar onlara riayət etməlidir. Gecələr davamlı öskürək olarsa, mütləq həkimə getmək lazımdır. Ümumiyyətlə, tənəffüs yolunda problemi olanların siqaret çəkməsi məsləhət deyil. Çəkənlər isə istifadə etdikləri siqaret markasını tez-tez dəyişməməlidir.

Tütünün tərkibindəki nikotinin ən çox tənəffüs orqanlarına zərərli təsir göstərdiyi barədə dəfələrlə məlumat verilib. Lakin çoxları buna əhəmiyyət vermir, əksinə, son illər bu zərərli vərdişlər sırasına qəlyan da daxil olub. Qəlyanın da tərkibində nikotin tərkibli maddə var ki, qan damarlarının yığılmasına səbəb olur, bununla da orqanizmdə ürək-damar sisteminin işini ağırlaşdırır. Siqaret çəkən adamlar başqaları ilə müqayisədə xroniki bronxit xəstəliklərinə, ağciyərlərin xərçənginə və vərəmə, astma xəstəliyinə daha çox məruz qalırlar".

Gülnarə Süleymanova tütünün tərkibinə daxil olan onlarla zəhərli maddələrin təsirindən epitel hüceyrələrin öldüyünü, bununla da hemoqlobinin normal oksigen daşımaq qabiliyyətinin pozulduğunu deyir.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər