7 Mart 2015 17:58
3 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il dünyanın bir çox ölkələrində 8 Mart Beynəlxalq Qadınlar günü qeyd edilir. 1910-cu ildə alman sosial demokratı Klara Setkin martın 8-nin dünyada qadınlar günü kimi tarixə düşməsinə nail olub. 1977-ci ildə BMT həmin tarixi qadınlar günü kimi rəsmiləşdirib.

Qadın hüquqlarının tanınmasına yönəlmiş mübarizənin sonucu olan bu bayram Azərbaycanda da sevilə-sevilə keçilir. Hazırda bu əlamətdar gün daha çox kütləvi-mədəni və iki cins arasında münasibətlərə rəng qatan tədbir kimi qeyd olunur.

Təbii ki, 8 Martı müxtəlif ölkələrdə müəyyən fərqlərlə bayram edirlər.

Dünya qadınlarının bayramı

İtaliyada xanımlar 8 Martı xüsusi təntənə ilə keçirirlər. İtaliyan xanımlar həmin gün axşama qədər kişiləri özlərinin həndəvərinə belə buraxmırlar. Gündüz müxtəlif əyləncə məkanlarında istirahət etdikdən sonra axşam əsasən kişilərin toplaşdığı barlara təşrif buyururlar. Barlara giriş xanımlar üçün pulsuz olur.
Qadınlar bayramı Çində daha maraqla qarşılanır. Bayram günü zərif cins üçün qeyri-iş günü sayılır. Kişilər isə həmişəki kimi iş başında olurlar. Ancaq kişilərin vəzifəsi bununla bitmir. Bayram günü bütün mətbəx işləri, ən başlıcası, xörək hazırlamaq onların boynuna düşür.

Yunanıstanda “Babos” adlandırılan qadınlar bayramında bir gün bütün külli-ixtiyar xanımların ixtiyarına buraxılır. Ənənəyə görə, bayram günü müvəqqəti səlahiyyətə sahib olan xanımlar öz sevgililərini və həyat yoldaşlarını su şırnağına tuturlar.

“Həmişə hədiyyə almışam”

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, o, köhnə ənənəsinə sadiq qalaraq qadınlar bayramı münasibəti ilə ətrafdakı xanımlara həmişə hədiyyə alır: “Bu bayramı ailəmdəki xanımlarla xoş ovqatda qeyd edirəm. Uşaq yaşlarından evimizdə atam, qardaşım və mən nənəmə, anama, bacılarıma hədiyyə alırıq. 8 Mart mənim gördüyüm və yaşadığım mühitdə həmişə qadınlara sevgi, diqqət qayğı fürsəti olub. İndi də bütün xanımları onlara diqqət və qayğı nümunəsi olaraq təbrik edirəm.

Biz Azərbaycan qadınları ilə həmişə fəxr duymuşuq. Onların əməksevərliyi, ailəcanlılığı, isməti bir dəyər olaraq milli genetikamıza həkk olunub. Mən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında dərs deyirəm. Oğlan tələbələrlə lövhənin qarşısında 20 dəqiqəyə yaxın müddətdə qızları bu gözəl bayram münasibəti ilə təbrik etdik. Hesab edirəm ki, bu, qız tələbələrimin diqqətində qalacaq”.

“Hədiyyə yox, dəstək verək”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyin sədri Mehriban Zeynalova deyir ki, 8 Mart hədiyyə bayramı deyil, bu, qadınların bütün sahələrdə kişilərlə hüquq bərabərliyinin təsdiqi gündür: “Əslində 8 Mart son dövrlər bir qədər mahiyyətini dəyişib. Bu bayramı hədiyyə alış-verişinə çeviriblər. Hədiyyə özəl məsələdir. Yəni bu, qadına qarşı diqqəti vurğulamaq imkanıdır.

Məncə, biz 8 Martın mahiyyətinə qayıdıb, qadın hüquqları sahəsində mövcud boşluqların aradan qaldırılmasına dəstək verməliyik. Kişilər qadın probleminin həllində fikirlərini səsləndirməlidirlər. Bu bayram hər bir qadının haqqıdır”.

“Təmiz Dünya” İctimai Birliyi çətin vəziyyətdə olan qadınlara yardım göstərmək, onların ovqatına az da olsa sevinc qatmaqdan ötrü bayramda “Qadınlar, sizin üçün” adlı xeyriyyə konserti keçirəcək. Tədbirdən toplanan ianələr DİN-in İnsan Alveri Qurbanlarına Kömək Fonduna köçürülərək, qurbanlarının ehtiyaclarına xərclənəcək.

Xalq artisti Tariyel Qasımov bu il bayramda həm yaxın xanımları təbrik edəcək, həm də anasının 100 yaşını keçirmək üçün kəndə gedəcək: “Bayram münasibətilə dünyada yaşayan bütün qadınlara xoş arzularımı çatdırıram. Mən həmin gün doğulduğum kəndə gedib anamın saçlarından öpəcəm. Çünki martın 8-də anamın 100 yaşı tamam olacaq. Düzdü, hələlik anama hədiyyə almamışam. Amma anam üçün dəyərli bir hədiyyə alıb aparacam”.

Hədiyyə simvolik olmaz

“Bakı Metropoliteni”nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin sözlərinə görə, insanları vaxtaşırı sevindirmək onlara hansısa bayramda hədiyyə verməkdən daha yaxşıdır: “Mənimçün ən gözəli Ramazan, Qurban və Novruz bayramlarıdır. Amma bu o demək deyil ki, digər bayramların, özəl günlərin keçirilməsinin əleyhinəyəm. Hər kəsin öz həyatı var, necə istəyir, elə də yaşayır.

Əslində, hədiyyə almağı elə çox xoşlamıram. Sevdiyim, dəyər verdiyim insanlara istənilən gün və saatda jest edə bilərəm. Çalışıram dostlarımı, ailəmi xoşbəxt edəcək jestlər olsun. Hədiyyə seçəndə bir məqama diqqət yetirirəm: gərək bağışladığım hədiyyə az da olsa həmin insanın işinə yarasın. Simvolik hədiyyələri bir o qədər sevmirəm”.

“Kişiləri başa düşmürəm”

“Anspress” saytının redaktoru Zülfiyyə Qurbanova deyir ki, bu bayram kişilərin ətrafındakı xanımlara diqqət göstərmək fürsətidir: “Mən 8 Martın gəlişini arzulamayan kişiləri başa düşmürəm. Allah Klara Setkinə qəni-qəni rəhmət eləsin ki, biz qadınlara bu bayramı miras qoyub. Səmimi sözümdü, hədiyyənin ucuz və ya baha olması şərt deyil. Ağıllı kişi bir balaca fantaziyasını işlədib 8 Martda özünə yaxın və əziz bildiyi xanımları sevindirməyi bacarar. Bu fikrim hədiyyə seçimində çətinlik çəkən kişilərə də aiddir. Məncə, qadınlar üçün hədiyyə seçmək kişilərə çətinlik yaratmamalıdır. Bir dəstə gül və ya kiçik bir ətir xanımların ovqatında bayram əhval-ruhiyyəsi yarada bilər. Mən özüm bir dəstə gül və ya bir flakon ətir hədiyyəsindən məmnun olan xanımlardanam. İkisi bir yerdə lap yaxşı olar...”

Gül və gözəl söz

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəis müavini Xankişi Kişiyev deyir ki, bu bayram xanımlara sevinc bəxş etdiyi üçün çox bütün çevrəmizi dəyişir: “Bəzi kişilərin bu bayramın qeyd edilməməsinə qarşı çıxdıqlarını eşidirəm. Məncə, səhv düşüncədir. Bizə qayğı göstərən qadınları fürsət yaranan kimiu sevindirməliyik. Mən xanımlara bu gün gül və gözəl söz hədiyyə etməyə üstünlük verirəm”.

“Kefim və pulum olanda...”

Millət vəkili Aqil Abbasın sözlərinə görə, xanımları sevindirmək üçün ayrıca günə ehtiyac yoxdur: “Mən xanımımı yalnız 8 Martda təbrik etmirəm. Kefimin kök vaxtında, imkanım, pulum olanda mütləq təbrik edirəm. Bu il bayramda xanımı götürüb şəhərdən kənarda istirahətə gedəcəkdim. Həmin gün istedadlı dostum Rəşad Məcid oğluna toy edir. Ona görə ailəmlə toya hazırlaşırıq. Xanımına tək bayramda deyil, həmişə diqqət göstərirəm”.

Rabitə və Yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov deyir ki, ilk dəfə bu bayramda xanımları uzaqdan təbrik etməli olacaq: “Xaricə konfransa getdiyim üçün ailəmdəki xanımları uzaqdan təbrik edəcəm. Məncə, hədiyyəni tanıdığın adama verməlisən. Əgər o qadını tanıyırsansa, deməli, zövqünə də bələdsən”.

Üç ildir "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyi 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə paytaxtın müxtəlif rayonlarında "Biz sizi unutmadıq" adlı aksiya keçirir.

Bu il də həmin ənənəyə sadiq qalaraq "Yeni Üfüq"ün üzvləri Bakının müxtəlif küçələrində şəhərin təmizlik işlərini həyata keçirən fədakar Azərbaycan qadınlarını təbrik edib, onlara bayram hədiyyələri veriblər.

Birliyin sədri Sevinc Əzimbəyli deyir ki, “Biz sizi unutmadıq” adlı aksiya artıq üçüncü ildir keçirilir: “Əsas məqsədimiz Beynəlxalq Qadınlar günü münasibətilə ən çox zəhmətə qatlaşan, şəhərimizin təmizliyində xüsusi xidmətləri olan fədakar ana və bacılarımızı sevindirməkdir. Digər tərəfdən, imkanlı şəxsləri, bütövlükdə cəmiyyəti əlamətdar günlərdə üzərimizdə haqqı olan insanları unutmamağa təşviq etməkdir”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər