8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə Heydər Əliyev Mərkəzində bayram tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, Gəncənin ictimai-siyasi həyatında yaxından iştirak edən fəal qadınlar, gənclər iştirak ediblər.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında bildirib ki, bəşəriyyətin ən istedadlı, zəngin mədəniyyətə malik xalqlarından olan Azərbaycan xalqı bu gün dünyada nailiyyətləri ilə tanınır, gündən-günə nüfuzu artır: "Nailiyyətlərin əldə edilməsində Azərbaycanın mərd və fədakar qadınlarının böyük rolu var. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycan qadını tarix boyu ağlı, zəkası, qeyrəti, namusu, isməti ilə,fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti ilə, Azərbaycan qadınının xüsusiyyətləri ilə tanınıb. Ulu öndərin müdrik ənənələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir və bu gün qadın siyasəti dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycan qadınlarının lideri, Heydər Əliyev Fondunun prezidenti,millət vəkili Mehriban xanım Əliyevanın ölkəmizə həmçinin, geniş vüsətlə inkişaf edən, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Gəncəyə verdiyi töhfələr Azərbaycan qadınının zəkasının, güc və qüdrətinin bariz nümunəsidir".
İcra başçısı 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə hər zaman dövlətçiliyimizin möhkəmlənməsində fəal mövqedə dayanan, yorulmaz mübarizə əzmi göstərən Gəncənin bütün qadınlarını təbrik edib, onlara xoşbəxtlik və səadət, firavan həyat, uzun ömür, can sağlığı arzulayıb.
AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə,ADAU-nun prorektoru Anar Hətəmov, GDU-nun rektoru Yusif Yusibov, DƏM-in Gəncə şöbəsinin rəisi Xəqani Cəfərov və başqaları çıxış edərək, Gəncə qadınlarının fəallığından,Şeyx Nizami yurdunun ilk şahmatçı, musiqiçi, şairə Məhsəti Gəncəvi, akademik Validə Tutayuq, xalq şairi Nigar Rəfibəyli, bu gün də fədakarlıqla çalışan Sidiqə Məmmədova kimi xalqımızın fəxr və qüruru olan neçə-neçə qadın-müəllim, həkim, elm xadimi yetirməsindən, prezident, parlament və bələdiyyə seçkilərində böyük əzmkarlıq göstərmələrindən, yüksək məsul vəzifələrdə çalışaraq Vətənimizə, dövlətçiliyimizə sədaqətli, şərəfli xidmətlərindən söhbət açıblar.
Toplantıda Şəhər İcra Hakimiyyəti tərəfindən fəal qadınlardan bir qrupuna Fəxri fərmanlar, qiymətli hədiyyələr və təravətli gül-çiçəklər təqdim olunub. Tədbirdən sonra şəhərin mədəniyyət və incəsənət kollektivlərinin iştirakı ilə rəngarəng proqramla konsert olub və qadınların şərəfinə ziyafət verilib.