"Cari il fevralın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun 5,5%-nin və ya 1,031 mlrd. manatının ödəniş vaxtı keçib. Bu da ilin əvvəli ilə müqayisədə problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisinin 0,2 faiz bəndi artması deməkdir".
Teleqraf.com-un məlumatına görə, Mərkəzi Bankın açıqlamasında belə deyilir. Vurğulanıb ki, problemli kreditlərin həcmində ilin əvvəlindən 5,6% artım qeydə alınıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə problemli kreditlərin həcmində 26,5% artım müşahidə olunub.
Hesabata əsasən, maliyyə-kredit təşkilatları tərəfindən fiziki və hüquqi şəxslərə verilən kreditlər illik müqayisədə 20,0% artaraq 2015-ci il fevralın 1-nə 18,6 mlrd. manata çatıb. Bu müddətdə istehlak kreditləşməsi də 22,5% artaraq 7,7 mlrd. manat təşkil edib.
Məlumata görə, məcmu kreditlərin 10,8%-i və ya 2 mlrd. manatı sənaye və istehsal sektoru, 13,7%-i və ya 2,6 mlrd. manatı inşaat və əmlak sektoru, 14,3%-i və ya 2,7 mlrd. manatı ticarət və xidmət sektoru, 4,5%-i və ya 843 mln. manatı kənd təsərrüfatı və emal sektoruna yönəldilib.