11 Mart 2015 11:07
3 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA doktoranturaya qəbul üçün sərt qayda müəyyənləşdirib

Akademiya sistemində doktoranturaya qəbul və doktorluq imtahanları qaydalarına dəyişiklik edilib. Bu barədə qərar AMEA Rəyasət Heyətinin son iclasında qəbul olunub. Qərara görə, fəlsəfə doktoru hazırlığı üzrə xarici dil biliklərinin keyfiyyətcə yüksəldilməsi üçün doktoranturaya qəbul və doktorluq imtahanları prosedurunda ingilis dili biliklərinin qiymətləndirilməsi sərtləşdirilib.

Doktoranturaya qəbul zamanı iddiaçı TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6.5 bal, doktorluq imtahanları zamanı isə TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı üzrə ən azı 7 bal topladığı barədə sertifikat təqdim etməlidir.

Sertifikatı olmayanlar imtahandan keçməyəcək

AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Baba Əliyevin sözlərinə görə, bu vaxta kimi olan qaydalara əsasən, doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində imtahan veriblər, 5 ballıq sistem üzrə qiymətləndirilmə aparılıb.

Bu ildən etibarən isə TOEFL və ya IELTS üzrə sertifikatlar da tələb olunacaq. Bu sertifikat olmasa, doktoranturaya qəbul olmaq istəyənlər imtahanlarda iştirak edə bilməyəcəklər.

Baba Əliyevin sözlərinə görə, hazırda əksər elmi mənbələrin, o cümlədən populyar elmi nəşrlərin ingilis dilində olması alimlərimiz qarşısında bu dili akademik səviyyədə mənimsəmək tələbi qoyur:

“Alimlərimizin ingilisdilli mənbələrdən daha geniş şəkildə istifadə etməsi üçün bu tələb vacibdir. Hesab edirik ki, bu, alimlərimizin gələcəkdə ingilisdilli elmi ədəbiyyatdan istifadəsinə müsbət təsir göstərəcək”.

120 ballıq TOEFL imtahanından keçmək ucuz deyil

TOEFL (Test of English as a Foreign Language) - Xarici Dil Qismində İngilis dili Testi deməkdir. Bu sistem şəxsin ingilis dilini akademik səviyyədə necə qavradığını dəyərləndirir. ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə TOEFL imtahanlarından keçmək tələb olunur.

Bununla bərabər, dövlət qurumları, biznes və ya təqaüd proqramları da bu imtahanı tələb edə bilərlər.
TOEFL imtahanının nəticələri 2 il müddətində keçərlidir. Həmin müddət bitdikdən sonra imtahanın nəticələri etibarsız sayılır. Ötən zaman ərzində imtahan vermiş şəxsin dil biliyinin əhəmiyyətli dərəcədə zəifləməsi ehtimal olunduğu üçün yeni imtahana zərurət yaranır.

TOEFL imtahanında ingilis dilində oxu, qulaq asma, danışıq və yazı qabiliyyəti yoxlanılır, 120 ballıq sistemlə qiymətləndirilmə aparılır.

İmtahanın internet versiyası TOEFL IBT, yəni internet əsaslı test adlanır. İmtahan qiymətləri müxtəlif ölkələrdə fərqlənsə də, ümumilikdə qiymətlər 150-200 ABŞ dolları arasında olur.

IELTS (International English Language Testing System) - Beynəlxalq İngilis Dilini Yoxlama Sistemi proqramı isə ingilis dilinin istifadə olunduğu ölkələrdə təhsil almaq və işləmək istəyən namizədlərin dil biliyini 4 meyar üzrə qiymətləndirir. IELTS imtahanında iştirakçılar 9 ballıq sistemlə qiymət alırlar.

İmtahan 2 formada həyata keçirilir: akademik - bakalavriat, yaxud magistratura pilləsində ingilis dilində bilik qabiliyyətinin yoxlanması üçün; ümumi təlim - bakalavriat pilləsindən aşağı səviyyədə öyrənmək, yaxud işləmək məqsədi ilə ingilisdilli ölkələrə getmək üçün.

IELTS imtahanının da nəticələri 2 il müddətində keçərlidir.

Hər həftənin şənbə günü IELTS sınaq imtahanı keçirilir

TOEFL və IELTS üzrə imtahanlar Azərbaycanda Dillər Universitetində təşkil olunur və sertifikat verilir.
Universitetin ictimaiyyətlə əlaqələr departamentindən bildirildi ki, IELTS sınaq imtahanları həftədə 1 dəfə - şənbə günləri keçirilir. Dinləmək (listening) 40 dəqiqə, oxumaq (reading) 60 dəqiqə, yazmaq (writing) 60 dəqiqə, amerikalı müəllimlə danışmaq (speaking) isə 5 dəqiqə olur. Ödəniş 15 manatdır. İmtahanın ödəniş qiyməti isə 160 manatdır.

İELTS hazırlıq kursları həftədə 2 dəfə saat yarım universitetin müəllimləri tərəfindən keçirilir.
Rəsmi sertifikatı “British Council”un Azərbaycandakı nümayəndəliyi verir.

TOEFL imtahanları isə ADU-nun TOEFL İBT İmtahan Mərkəzində keçirilir, rəsmi sertifikatı da bu mərkəz verir. TOEFL üzrə sınaq imtahanları da IELTS-də olduğu kimidir. İmtahanın qiyməti 150 manatdır.

Alim olmaq müşkülə çevrilib

AMEA-da doktorantura pilləsinə plan yeri də azaldılıb. AMEA prezidenti Akif Əlizadənin sözlərinə görə, bu il 100-120 plan yeri müəyyənləşməsi nəzərdə tutulub. Bu baxımdan AMEA-da elmə sahiblənmək arzusunda olanlar üçün kifayət qədər ciddi baryer yaranır.

Nəzərə alsaq ki, TOEFL və IELTS üzrə imtahanlardan keçmək üçün doktorant olmaq istəyənlər əlavə kurslar da keçməlidirlər, baryer daha da sərtləşir.

12 dərsin aylığı 150 manatdır

ABŞ-Azərbaycan Təhsil Mərkəzinin Bakı Təhsil İnformasiya Mərkəzindən aldığımız məlumata görə, mərkəzdə TOEFL və ya IELTS üzrə hazırlıq üçün öncə iştirakçılar sınaqdan keçməlidirlər. Həftədə 3 dəfə olmaqla 12 dərsin aylığı 150 manatdır.

Bilik səviyyəsi yüksək olan iştirakçılar üçün tam hazırlıq kursu 3 aydır. Bilik səviyyəsi aşağı olanlar üçün müddət artırılır. Bu isə iştirakçı üçün daha baha başa gələn prosesdir. Necə deyərlər, AMEA-nın yeni tələbi akademik səviyyəli ingilisdilli alim olmaq üçün maddi imkanın da yüksək olması zərurətini yaradır.

Qeyri-müəyyənlik...

Əldə etdiyimiz məlumata görə, Təhsil Nazirliyi ilə AMEA birgə TOEFL və ya IELTS üzrə hazırlıq mərkəzləri yaratmaq niyyətindədir. Məlumatda bildirilir ki, AMEA-da doktoranturaya qəbul olacaq şəxslərin hazırlığını da, imtahanı da bu mərkəzdə keçirmək nəzərdə tutulub.

AMEA ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Baba Əliyev isə bu barədə hələlik heç bir məlumatı olmadığını dedi. AMEA-da doktoranturaya plan yerlərinin məhdudlaşdırılması barədə də hələlik qərar verilməyib.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər