11 Mart 2015 16:08
8 961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roza Rəsulova: “Bəzən xanımlar elə bilirlər, bir neçə hərəkətdən sonra artıq çəkidən xilas olacaqlar”

“Sağlam bədəndə, sağlam ruh olar”. Bu deyimlə tez-tez rastlaşırıq. İdman sahəsində çalışan həkimlərin apardıqları araşdırmalar da bu fikri aktuallaşdırıb. Yəni sağlam bədənlə gözəl əhvalın, düşüncənin əlaqəsi folklor sayıla bilməzE Hər gün yüksək əhval-ruhiyyədə olmaq, enerjili və sağlam həyat yaşamaq istəyənlərə həkimlərin ilk və əsas məsləhəti idmanla məşğul olmaqdır.

Sağlam həyatı təmin edən müxtəlif idman növləri var. Əvvəllər idman deyəndə yalnız kişi məşğuliyyəti haqda düşünməli olurduq. Yalnız onlar idman zallarına gedib, alətlər vasitəsilə böyük, möhkəm əzələlərə, şişkin bədənə sahib olurdular. İndi isə vəziyyət dəyişib, yəni kişilərlə yanaşı qadınlar da idmana böyük həvəs göstərirlər.

Biz də “Sağlam bədəndə sağlam ruh olar” deyimini əsas götürüb paytaxtdakı idman mərkəzlərindən birinə yollandıq.

Bu mərkəzdə kişi və qadınlar üçün trenajor zalları, üzgüçülük hovuzu, aerobika, yoqa və digər xidmət salonları nəzərdə tutulub. Mərkəz səhər saat 10-dan 22-ə qədər müştəriləri qəbul edir. Bir ay davamlı şəkildə idmanla məşğul olmaq üçün 90 manat ödəmək lazımdır. Bir günlük qiymət isə 13 manatdır.

Hovuzda üzməyi bacarmayanlarla idman mərkəzinin müəllimləri məşğul olur, onlara üzgüçülük qaydasını öyrədirlər.

Hər yaşda qadın vardı

Əvvəlcə qadınların məşğul olduğu fitnes salonuna daxil olduq. Zaldakı təmizliyə, səliqə-sahmana söz yoxdur. Xadimə sterilliyi qorumaqdan ötrü ayağa keçirilən baxil verdi. İçəridə hər yaşda qadına rast gəlmək mümkün idi.

Öncə aerobika dərsi keçən Roza Rəsulova ilə söhbətləşdik. Onun sözlərinə görə, oturaq həyat tərzi qadınların bədən quruluşunda arzuolunmaz dəyişikliklərə səbəb olur, idman isə bundan azad olmağa kömək edir: “Bütün günü havasız ofisdə kompüter qarşısında oturmaq, yaxud evdə yemək yeyib hərəkətsiz qalmaq qadınların orqanizminə mənfi təsir göstərir. İdmanın, nizamlı hərəkətin isə insana bir neçə faydası var: immun sistemini gücləndirir, artıq çəkidən azad olmağa yardım edir, səhhətinə fayda verir, əhvalı qaydasına salır. Gündəlik həyatında 1 saat fiziki hərəkətlə məşğul olmaq insanın qalan bütün vaxtda özünü yaxşı hiss etməsinə gətirib çıxarır. Hər gün 1 saat idmanla məşğul olmağa vaxt ayıran adamlar əksər hallarda bu işi ömürlük adətə çevirirlər”.

Roza Rəsulova deyir ki, bəzən xanımlar idmana gəlir, amma bir müddət sonra arıqlaya bilmədiklərindən şikayətlənirlər: “Davamlı olaraq fitnesə gəlib idmanla məşğul olan xanımlarımız da az deyil. Elə xanımlar da var, bir gün gəlir, iki gün gəlmir, üstəlik, salondan çıxan kimi şirniyyat yeməyə davam edirlər. Sonra da şikayətlənirlər ki, mən gəlib idman edirəm, bəs niyə arıqlamıram?..

Xanımlar bilməlidirlər ki, təkcə idman etməklə arıqlamaq olmaz. İdmanla yanaşı müəyyən pəhrizlər saxlamaq lazımdır. Bu zaman itirdiyiniz çəki geri qayıtmayacaq. Bizim salona gələn xanımlara ilk növbədə bunu başa salırıq ki, idmana yalnız arıqlamaq üçün başlamaq səhvdir. Sağlamlığınızı düşünərək idman edin".

“Kökəlməyə gəlirəm”

Daha sonra salondakı qadınlarla söhətləşdik. Məlum oldu ki, bəziləri fitnes zala arıqlamaq üçün, bəziləri də kökəlmək naminə gəlir. Aralarında hicablıları da vardı.

Qaçış zolağı üzərində hərəkətdə olan Minarə Bəkirova deyir ki, əvvələr idmanla yalnız kişilərin məşğul olduğunu düşünüb: “Bir ilə yaxındır bura gəlib-gedirəm. Əvvəllər elə düşünürdüm ki, idman yalnız kişi məşğuliyyətidir. Sonra şəhərdə idmanla bağlı müxtəlif reklamlar, fitnes zalları haqqında məlumatlar gördüm. Daha sonra bədən formamı qorumaq üçün idman zalına yazıldım. Hər gün işdən sonra 1 saat gəlib burada məşğul oluram”.

Arifə Məmmədova isə deyir ki, başqalarından fərqli olaraq o, idman zalına kökəlmək üçün gəlir: “26 yaşım var. Amma çəkim boyuma uyğun deyil. Boyum 1.72 metr, çəkim 43 kiloqramdır. Bunun üçün müxtəlif yeməklər yeyib, tez-tez qidalansam da, heç bir faydası olmurdu. Dietoloqlara müraciət etdim. Məsləhət gördülər ki, kökəlməyim üçün yeməklə yanaşı idmanla da məşğul olmalıyam”.

“Fikrimdən dönmədim”

Hicablı Gülər Cəfərova deyir ki, ilk vaxtlar evdəkilər idman etməsinə qarşı çıxıblar: “Artıq çəkidən azad olmaq üçün idmana yazılacağımı söyləyəndə evdəkilər buna qarşı çıxdılar. Dedilər ki, onsuz da hicablısan, arıqlamağı neynirsən? Ancaq onlarla razılaşmadım. Hər bir qadın gözəl olmalıdır, fikrimcə. Ona görə, təkid elədim, idmana yazıldım.

Bir neçə idman zalına müraciət etdikdə bildirdilər ki, kişi-qadın fitnes zalı birlikdədir. Bu idman zalında isə qadın fitnes zalı ilə kişi fitnes zalı ayrı olduğu üçün rahat şəkildə hər gün bura gəlirəm".

İdmanla məşğul olan qadınları məşqlə baş-başa qoyub kişi fitnesi zalına yollandıq.

İdmana maraq artıb

Kişi idman zalının müəllimi Zamiq Valehov deyir ki, əvvəlki illərlə müqayisədə son 2-3 ildə idmana maraq daha da yüksəlib: “12 ildir məşqçi işləyirəm. Bu vaxta qədər 5 yaşından tutmuş 72 yaşa qədər tələbələrim olub. 72 yaşlı şagirdim indi hərdənbir gəlir. Əvvəllər idmana maraq o qədər də çox deyildi. İndi isə müxtəlif yaş qrupları arasında idmana maraq artıb.

İdman zallarımız hər gün dolu olur. Hərəkətlilik orqanizmi sağlam saxlayır, bədəni daha möhkəm və müqavimətli edir. Həmçinin əhvalı yüksəltməyə, narahatlığı və gərginliyi aradan qaldırmağa yardımçı olur. Müntəzəm idmanla məşğul olan zaman insan kalori itirir ki, bu da artıq çəkilərdən xilas olmaq deməkdir".

Trenajor alətlərində özünü sınayan 44 yaşlı Elməddin İbrahimov deyir ki, sağlamlığına görə idmana borcludur: “İdmanla məşğul olmaq mənim formada qalmağım deməkdir. Bu fitnes zalından çox razıyam. Müəllimimiz bizimlə ürəklə məşğul olur. Burada özümü yaxşı hiss edirəm. Dostlarımla buraya gəlib həm əylənirik, həm də sağlamlığımızı qoruyuruq”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər