Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il martın 15–də ölkənin bütün peşə liseylərinin (cəmi 44) sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirəcək.
TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, imtahan 29 şəhər və rayonda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz) təşkil olunacaq.
İmtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytında “Şagird-Məzun” sisteminə müvafiq qaydada daxil olmaqla martın 6 - dan etibarən çap edə bilirlər.
İmtahan bütün binalarda eyni vaxtda – saat 12:00-da başlanacaq və 2 saat 45 dəqiqə müddətində aparılacaq.
Şagirdlər imtahana gələrkən imtahana buraxılış vərəqəsini və səxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidir.
Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili), riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. Əlavə olaraq, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.
Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
SEVİL