Dünyanın bir sıra təhsil müəssisələrində əllə yazının ləğv edilməsi fikirləri Azərbaycan mediasinda da müzakirə mövzusudur. Millət vəkili Nizami Cəfərov hesab edir ki, belə bir proses Azərbaycanda da gec-tez gerçəkləşəcək. Onun fikrincə, kompüter texnologiyalarının inkişaf etdiyi bir dövrdə əllə yazı həm vaxt, həm də maddi baxımdan itki deməkdir. Əl yazısının ləğvi kağız, qələm, karandaş və digər dəftərxana ləvazimatlarının aradan çıxması deməkdir ki, bu da əlavə vəsait xərclənməsinə qənaətdir.
Millət vəkilinin sözlərinə görə, əllə yazı həm şagird və tələbələr, həm müəllimlər üçün əlavə zəhmət tələb edir. Kompüter yazısı isə çevik mənimsəmə, sürətli fikir mübadiləsinə imkan yaradır. Şagirdlər də, tələbələr də kompüter texnologiyalarından istifadə etməklə hətta başqa ölkələrlə də fikir mübadiləsi apara bilər.
Amma millət vəkili əllə yazının ləğvi üçün mükəmməl texnologiyanın tətbiqini, bütün məktəblərin, şagirdlərin kompüterlə təmin olunmasını vacib hesab edir. Odur ki, bu prosesə keçid tədricən mümkündür.
2020-ci ilə qədər gözləməliyik
Azərbaycan təhsil müəssisələrinin kompüterlə, şagirdlərin planşetlə təmin olunmasına başlansa da, proses tamamlanmayıb. Təhsil Nazirliyindən verilən məlumata görə, kompüterləşmə 2020-ci ilə qədər başa çatacaq. Bu məsələ “Təhsilin inkişafı strategiyası”nın həyata keçirilməsi ilə bağlı təsdiqlənən fəaliyyət planında da qeyd olunub.
Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən infrastrukturun yaradılması Təhsil, eləcə də, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinə həvalə olunub.
Statistikaya görə, Rusiya məktəblilərinin təxminən 30 faizi planşetdən istifadə edir. Estoniyada bu göstərici 20 faiz, Ukraynada 7 faiz, Sinqapurda 85, Çin və Böyük Britaniyada isə 70 faizdir.
Yeri gəlmişkən, qeyd edək ki, bəzi təhsil mütəxəssisləri kompüter texnologiyalarından mütəmadi istifadənin tərəfdarı deyil. Onların fikrincə, bu proses öyrənənlərdə mexaniki yaddaşı inkişaf etdirir, əməli yaddaşı isə passivləşdirir.
Mühazirəyə nə hacət?
İnformasiya texnologiyalarından geniş yararlanmaq mümkündürsə, ali və orta ixtisas məktəblərində müəllimlərin mühazirələri aktuallığını itirmirmi?
Məlumdur ki, müəllimlərin mühazirəsi bir qayda olaraq tələbələr tərəfindən qeydə alınır və imtahan zamanı bu qeydlərdən istifadə olunur. Bəzi müəllimlər mühazirəni sürətlə söylədiklərinə görə tələbə əlyazmanı çatdıra bilmir, bu da onun imtahan nəticəsinə mənfi təsir göstərir. Bir çox müəllimlər bu haldan sui-istifadə edib subyektivliyə də yol verirlər.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Zaur Babayevin sözlərinə görə, 15 ilə yaxındır əksər ali məktəblərdə mühazirələr tələbələrə elektron formalarda verilir.
Son zamanlar isə fakültələrdə müxtəlif texniki vasitələrin quraşdırıldığını deyən Zaur Babayev bu sıraya proyektorlar, ağıllı lövhələr və digər müasir avadanlıqların aid olduğunu bildirdi: “Hər bir müəllim mühazirə dərsini bu texniki avadanlıqların köməyi ilə tələbələrə çatdırır. Hər 2-3 dərsdən bir mövzuları elektron formada təqdim edirik. Amma bu o demək deyil ki, əlyazmalar, ya kitablar tam ləğv olunmalıdır. Biz çalışırıq ki, hər bir mövzu haqqında dinləyicilərə anlayış verək.
Amma mövzuların dərindən öyrənilməsinə tələbələr özləri də təşəbbüskar olmalı, maraq göstərməlidirlər. Onlara mövzu ilə yanaşı, ədəbiyyat siyahısı da verilir. Bu ədəbiyyatlar müxtəlif formada - adi klassik kitablar, elektron kitablar, kompüter nüsxələri və sair ola bilər. Axundov adına Milli Kitabxana elektron formata keçidlə məşğuldur. Lakin illərlə yığılmış ədəbiyyatı tezliklə elektron formata keçirmək fiziki baxımdan mümkün deyil. Buna görə də tələbələrə özümüz hazırladığımız elektron variantlar təqdim edirik. Yaxud başqa informasiya resurslarından istifadəni tövsiyə edirik.
Məsələn, jurnalistika və filologiya fakültəsinin tələbələri üçün xüsusi evartist.ru saytı var ki, bundan faydalanmaq tələbələrə tapşırılır. Xaricdə sıxan ədəbiyyatlardan da tələbələr yararlana bilər. Bunun üçün də tələbələr kompüter sistemində tərcüməçi proqramların köməyindən istifadə edir. Bu imkanlardan yararlanmağın yollarını tələbələrə izah edirik".
Zaur Babayev dedi ki, tələbələrə başqa bir dəstək olaraq informasiya resurslarının toplanması və onlardan istifadə yollarının öyrədilməsidir: “Vikipediyadan tələbələrin yararlanması çox vacibdir. Amma təəssüf ki, vikipediya səhifələrində Azərbaycanla bağlı az məlumat var. Qonşu Gürcüstanın vikipediya səhifələri bizim vikipediya məlumatlarından qat-qat zəngin və çoxdur. Tələbələrimiz Azərbaycan haqqında hansısa araşdırma aparırsa, onun vikipediyaya yerləşdirilməsi yollarını da öyrədirik”.
Əl yazısı kompüter yazısından etibarlıdır
Zaur Babayev bütün bunlara baxmayaraq, əl yazısının tam ləğvinin tərəfdarı deyil. Onun fikrincə, kompüter texnologiyalarından yararlanmaq, əlbəttə, çox yaxşıdır, amma kompüterdə toplanan məlumatlar etibarsızdır: “Kompüterdə hansısa bir xəta baş versə, sərt diski xarab olsa, məlumatlar pozula bilir. Amma əlyazmalar kağızda saxlamaq mümkündür. Ona görə də elektron kitablarla yanaşı, çalışmalıyıq ki, çap variantını da saxlayaq”.
Sevil Hilalqızı