13 Mart 2015 12:25
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanaraq təsdiq edilmiş Tədbirlər Planı əsasında yaradılmış İşçi qrup tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində təşkili istiqamətində konkret işlərə başlanılıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, bu barədə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Sabirabad rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında Sabirabad, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edərkən məlumat verib.

S.Müslümov bildirib ki, Tədbirlər Planına uyğun olaraq, ünvanlı dövlət sosial yardımları üçün vətəndaşlara fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.) və ya xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət imkanları yaradılmaqla, eyni zamanda müraciətlərə baxılması və yardımların təyinatı prosesinin tam avtomatlaşdırılması üçün yaxın beş ay ərzində texniki infrastruktur tam hazırlanacaq: “Ünvanlı sosial yardımların təyinatında ünvanlılığın və şəffaflığın təminatına güclü nəzarət nəticəsində bu yardımlarla bağlı şikayət xarakterli müraciətlərin sayı kəskin şəkildə azalıb. Eyni zamanda, ölkənin bölgələrində keçirdiyimiz vətəndaş qəbulları zamanı da ünvanlı yardımlarla bağlı müraciətlər, demək olar ki, minimuma enib. Ünvanlı sosial yardım sisteminin avtomatlaşdırılması bu sahədə ciddi irəliləyiş olmaqla, ünvanlı yardım təyinatında hansısa məmur müdaxiləsi mümkün olmayan şəffaf bir mühitin yaranmasında, bununla da şikayətlərin aradan qalxmasında çox təsirli vasitə olacaq”.

Qəbul zamanı vətəndaşların müraciətləri əsasən dövlət hesabına mənzil və minik avtomobili, əlil arabası ilə təmin olunma, əlilliyi olan şəxslərin bərpa-müalicəsinə köməklik göstərilməsi məsələlərini əhatə edib. Digər müraciətlərdə məşğulluq, əmək hüquqlarının təminatı, peşə reabilitasiyasına cəlb olunma və s. məsələlər əksini tapıb.

Müraciətlərin obyektiv şəkildə araşdırılaraq cavablandırılması barədə nazirliyin aidiyyati struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlarını verən S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısının nəticəsi kimi, bütün sosial proqram və layihələrin bu il də uğurla davam etdirildiyini, o cümlədən respublikanın bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün yeni evlərin inşa olunduğunu diqqətə çatdırıb: “Məsələn, hazırda sakinlərini qəbul etdiyimiz Sabirabad rayonunda müharibə əlilləri və şəhid ailələri üçün 10 ədəd, Saatlı rayonunda 9 ədəd, Hacıqabul rayonunda 5 ədəd, Şirvan şəhərində isə 7 ədəd fərdi ev tikilir və cari ilin sonunadək bu 4 rayon və şəhərdə əlavə olaraq yeni fərdi evlərin də tikintisi nəzərdə tutulur”.

Qəbul zamanı bir sıra müraciətlərdə qaldırılan məsələlər yerindəcə həllini tapıb, o cümlədən ayrı-ayrı şəxslərin məşğulluğunun təminatına köməkliklər göstərilib və onlara münasib iş yerlərinə elə yerindəcə göndərişlər verilib. S.Müslümov müraciət edən bir sıra müharibə əlillərinin minik avtomobilinə tibbi göstəriş almaq hüququnun müəyyən olunması üçün müvafiq müayinəyə cəlb edilməsi, bir sıra şəxslərin bərpa-müalicəsinə cəlb edilməsi, müvafiq reabilitasiya vasitələri ilə təmin olunması barədə tapşırıq verib.

Saatlı, Hacıqabul rayonlarından və Şirvan şəhərindən qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Sabirabad rayonuna aparılıb gətirilmələri təmin edilib.

Naibə


Müəllif:

Oxşar xəbərlər