Ölkədə 300 nəfərə yaxın adamı eşşək, çaqqal, tülkü, at, inək, canavar dişləyib
Ötən il Azərbaycanda 15 min 133 nəfəri müxtəlif heyvanlar dişləyib. Bu barədə Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin epidemoloq həkimi Nazənin Məmmədova bildirib: “2014-cü ildə Azərbaycanda 15 min 133 nəfərlə bağlı müxtəlif dişləmə hadisəsi olub. 13 min 128 nəfəri it, 1164 nəfəri pişik, 549 nəfəri siçovul, 289 nəfəri başqa heyvanlar (eşşək, çaqqal, tülkü, at, inək, canavar) dişləyib”.
Nazənin Məmmədova paytaxt üzrə qeydə alınan heyvan dişləmələrinin də statistikasını açıqlayıb. Ötən il Bakıda 4420 dişləmə faktı qeydə alınıb. 3336 nəfəri it, 638 nəfəri pişik, 336 nəfəri siçovul, 80 nəfəri isə başqa heyvanlar dişləyib.
Epidemoloqun sözlərinə görə, dişləmə halları daha çox yay aylarında baş verir: “Çünki yayda dəri açıq olur, heyvan dişləməsi bu səbəbdən artır. Qış geyimi dişləmə üçün əlverişli deyil. Bəzən heyvan insanı dişləməyə cəhd göstərir, amma alınmır. 2015-ci ilin yanvar ayında Bakı şəhərində 282 dişləmə olub. Respublika üzrə isə 798 dişləmə qeydə alınıb. Hər ayın sonunda regionlar üzrə dişləmə sayının qeydiyyatı aparılır və bizə göndərilir”.
Nazənin Məmmədova qeyd edib ki, dişləmə hallarına paytaxtın Suraxanı, Binəqədi, Abşeron rayonlarında, regionlar üzrə isə Şəmkir, Saatlı, Sabirabad rayonlarda daha çox təsadüf edir.
Bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 6 faiz azdır.
Qeyd edək ki, 2013-ci ildə 16 min 123 nəfəri müxtəlif heyvanlar dişləyib. 13 min 925 nəfəri it, 1169 nəfəri pişik, 671 nəfəri siçovul, 358 nəfəri isə digər heyvanlar dişləyib.
Onu da əlavə edək ki, ötən il heyvan dişləməsi ilə bağlı hər hansı bir virusa, quduzluğa yoluxma hallarına rast gəlinməyib.
Respublika Taun Əleyhinə Stansiyasının (RTƏS) şöbə müdiri Rita İsmayılovanın sözlərinə görə, quduzluğa yoluxmuş heyvanların dişlədiyi insanlar peyvənd olunmayanda bu, çox vaxt ölümlə nəticələnir: “Dişləmə zamanı insanlar öz yaşadığı yerə yaxın poliklinikalara müraciət etməlidir. Dərhal profilaktik müalicə başlanmalıdır. Əgər dişləyən heyvan naməlumdursa və yaxud dişləyən heyvanın quduz olduğu təsdiqlənibsə, xəstəyə mərhələli şəkildə beş iynə vurulur. İlk olaraq dişləmə günü, daha sonra dişləmənin 3, 7-ci və daha sonrakı günlər iynə vurulur. Dişləyən heyvan məlumdursa, baytarlar 10 gün onun üzərində müşahidə aparır. 10 gün ərzində heyvan ölməsə, iynə kəsilir”.
Şöbə müdirinin sözlərinə görə, quduzluğun insandan-insana keçməsinə dünya praktikasında rast gəlinməyib: “Çünki bu, sırf heyvan mənşəli xəstəlikdir. Quduzluq xəstəliyinə yoluxmuş insanın müalicə müddəti 90 gün çəkir.
Dişləmə hadisələri müxtəlif şəraitlərdə baş verir. Əsasən, sahibsiz heyvanlar insanlara hücum çəkir. Həkimlərimiz əhali arasında maarifləndirmə işləri aparır. Analoji hadisə ilə rastlaşan insan dərhal həkimə müraciət etməlidir".
“Canlı Aləmin Mühafizəsi Alyansı” İctimai Birliyinin sədri Mənsurə Rəsulzadənin sözlərinə görə, dünya praktikasında sahibsiz heyvanlar ovlanmır: “Onlar müəyyən təlim prosesi keçdikdən sonra faydalı işlərə cəlb olunurlar. Əgər itlərə təlim keçilsə, insanlar özləri bu itlərə sahib çıxmaq üçün müraciət edəcəklər”.
Mənsurə Rəsulzadə bildirib ki, dövlət sahibsiz heyvanlar üçün sığınacaq yaratmalıdır: “Azərbaycanda sahibsiz heyvanların saxlanması və bəslənməsi üçün sığınacaq yaradılmalıdır. Profilaktik tədbirlər nəticəsində küçədə ardıcıl olaraq ildə iki-üç dəfə bala verən sahibsiz heyvan nəzarətə götürülməlidir. Yəni itlər, pişiklər toplanaraq sığınacaq gətirilməli, gigiyenik baxımdan təmizlənməli, quduzluğa və digər yoluxucu xəstəliklərə qarşı vaksinasiya ediləməlir”.
5 ildir Abşeron rayonu ərazisində fəaliyyət göstərən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi tərəfindən sahibsiz heyvanları toplanaraq həmin mərkəzə gətirilir.
Mərkəzin direktor köməkçisi Vüsalə Əli deyir ki, mərkəz sahibsiz küçə heyvanlarının qayğısına qalır. Bu prosesdə vətəndaşlar da yaxından iştirak etməlidir: “Bizim mərkəz insanların müraciəti ilə heyvanları ovlamır, əksinə, küçədəki heyvanları yığıb bura gətiririk. Onları müalicə edirik. Hazırda küçədən heyvan götürməyi dayandırmışıq. Çünki bunun üçün yerimiz yoxdur. İnsanlar bizə köməklik göstərsə, biz daha çox insanın həyatını xilas edə bilərik”.
Mərkəz direktorunun sözlərinə görə, indiyə kimi 2 mindən çox heyvana kömək göstərilib: “Həmin heyvanların yarısı yaşadığı küçələrə buraxılıb, yarısı isə burada saxlanılır. Biz sadəcə sahibsiz itlərə deyil, pişiklərə də köməklik göstəririk. Hazırda burada 65 pişik var ki, onların bəzilərinin gözləri görmür. Mərkəzimizdə xeyli sahibsiz heyvan isti yuva tapıb. Buna baxmayaraq, küçələrdə sahibsiz heyvanlar qalmaqdadır”.
Xatırladaq ki, ötən gün Kənd Təsərrüfatı Nazirliyi sahibsiz heyvanların yandırılması haqda açıqlama yayıb.
Açıqlamada deyilir: “Son zamanlar ictimaiyyətdə sahibsiz heyvanların məhv edilməsi ilə bağlı əsassız şəkildə yayılmış məlumatlarla əlaqədar narahatçılığımızı bildirir və xüsusi olaraq qeyd edirik ki, Azərbaycan BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasına qoşulub və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) üzvüdür”.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, heyvanların qorunması və xəstəliklərə qarşı profilaktik tədbirlər mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq vaxtında həyata keçirilir: “Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən vəhşi təbiətdə quduzluq xəstəliyi ilə mübarizə məqsədi ilə əlli min doza oral üsulla peyvənd aparılması üçün vaksin alınıb, bu məqsədlə Xidmətin əməkdaşları meşə zonası rayonlarına, həmçinin Bakı və Sumqayıt şəhərlərinə ezam edilib və çevik qruplar yaradılıb. Ölkə üzrə 2014-cü ildə qeydiyyata düşmüş 250 minə yaxın itdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb”.
Nazirlik həmçinin bildirib ki, heyvanların, o cümlədən sahibsiz itlərin xəstəliklərinə qarşı profilaktik tədbirlər, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ciddi nəzarət altında, Beynəlxalq Epizootik Büronun standartlarına uyğun həyata keçirilir, biomüxtəliflik və kənd təsərrüfatı mühiti əsaslı və davamlı şəkildə mühafizə olunur: “Sahibsiz heyvanların mühafizəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun həyata keçirilir və gələcəkdə də bu işlərin davam etdirilməsi nazirliyin nəzarətindədir”.
Məlumat üçün bildirək ki, 2014-cu ildə Azərbaycanda sahibsiz heyvanlarla bağlı daha bir mərkəzin təməli qoyulub. Leyla Əliyevanın təşəbbüsü ilə inşa olunacaq mərkəzdə 5 minədək sahibsiz heyvan yerləşdirilə biləcək. Mərkəzin tikilməsində məqsəd Bakı və ətraf ərazilərdə sahibsiz heyvanların sayının azadılması, bir sıra yoluxucu xəstəliklərin qarşısının alınmasıdır.
İlhamə