Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə martın 13-də Bakı Biznes Mərkəzində Dəyirmi Masa keçirilib.
Teleqraf.com-un məlumatına görə, “Rabitə xidmətləri sahəsində istehlakçı hüquqlarının müdafiəsi vəziyyəti” mövzusuna həsr olunmuş Dəyirmi Masada aidiyyəti dövlət qurumlarının, beynəlxalq və ictimai təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Xidmətinin rəisi Zahid İsayev Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə işlərin daha da gücləndirildiyini vurğulamışdır.
Hazırda istehlakçı hüquqlarının qorunması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Qeyd edilmişdir ki, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması Dövlət Xidmətinin qarşısında duran başlıca vəzifədir. Mövcud qanunvericilikdən irəli gələn vəzifələrin icrası, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların birgə səyləri nəticəsində bu sahədə əhəmiyyətli işlər görülmüşdür. Dövlət Xidmətinin rəisi Zahid İsayev rabitə xidmətləri sahəsində istehlakçıların hüquqlarının müdafiəsi vəziyyəti barədə məlumat verib.
Tədbirdə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin xüsusi rolu qeyd edilib və Dövlət Xidməti tərəfindən bu sahədə görülən işlər iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarlıq subyektlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə 2014-cü ildə Bakıda və regionlarda 14 konfrans, ali və orta ixtisas təhsil müəssisələrində 10 seminar keçirilib, sahibkarlara və istehlakçılara 22 adda 100 minə yaxın buklet və yaddaş kitabçaları paylanıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Bəxtiyar Məmmədov rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, rabitə xidmətləri sahəsində istehlakçıların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirdə həmçinin, yerli və beynəlxalq təşkilatların, mobil operatorların, internet provayderlərin, mobil telefon cihazlarının satışını həyata keçirən sahibkarlıq subyektlərinin nümayəndələri rabitə xidmətləri sahəsində istehlakçı hüquqlarının qorunması istiqamətində fəaliyyətin səmərəliliyinin artırılması üçün müxtəlif təkliflər səsləndirib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Naibə QURBANOVA