13 Mart 2015 17:26
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Dövlət Universitetində Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə BDU-nun Fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, ali qonaq öncə universitetin şərqşünaslıq fakültəsinin urdu ixtisasında təhsil alan tələbələri ilə görüşüb. Tələbələr urdu dilində salamlama nitqi söyləyib, Azərbaycan-Pakistan əlaqələri, Pakistanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı fikirlər səsləndirib, məşhur pakistanlı şair Allama İqbalın şeirlərini səsləndiriblər. Pakistan prezidenti tələbələrin çıxışından məmnun qalıb. Sonra o, Heydər Əliyev Muzeyi ilə tanış olub. Tədbir işini universitetin böyük akt zalında davam etdirib.

Tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov müasir dünyada elmin və demokratiyanın inkişafına layiqli töhvələr vermiş Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyni salamlayaraq onun Bakı Dövlət Universitetinə gəlişini tarixi hadisə adlandırıb. Ali qonaq haqqında məlumat verən rektorun sözlərindən aydın olub ki, Məmnun Hüseyn 1940-cı il mart ayının 2-də Hindistanın Aqra şəhərində anadan olub. 1947-ci ildə Hindistan ilə Pakistan bölündükdən sonra ailəsi Pakistana köçüb. 1965-ci ildə o, Karaçi İşgüzar İnzibatçılıq İnstitutunda idarəçilik ixtisası üzrə magistr dərəcəsi alıb, 1970-ci ildə Pakistan Müsəlman Liqasına daxil olub, 1999-cu ildə Sind əyalətinin qubernatoru seçilib. 2013-cü ildə Pakistan Müsəlman Liqası tərəfindən namizədliyi irəli sürülən Məmnun Hüseyn Prezident seçkilərində böyük səs çoxluğu ilə Pakistanın 12-ci prezidenti seçilib. Onun namizədliyini parlamentin aşağı və yuxarı palatalarının deputatları, həmçinin bütün əyalətlərin parlamentləri dəstəkləyib. Azərbaycan ilə Pakistan arasında yüksək səviyyəli strateji müttəfiqlikdən danışan rektor Pakistanın dünyada dövlət səviyyəsində Xocalı soyqırımını tanıyan, Qarabağ münaqişəsinə görə Ermənistanı dövlət kimi tanımayan ölkələrdən biri olduğuna diqqət çəkib. Deyib ki, Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri, İslam dünyasının ən böyük və qüdrətli ölkələrindəndir. Pakistanın zəngin tarixi, ədəbiyyatı, mədəniyyəti və böyük elm ənənələri vardır. Dünyada fundamental elm sahələri üzrə cəmi iki müsəlman alimi Nobel mükafatına layiq görülmüşdür və onlardan biri-dünya şöhrətli fizik Abdus Salam pakistanlıdır.

Rektor iki dövlət arasındakı diplomatik əlaqələrin tarixinin 1992-ci ilin iyun ayından başladığını, 1993-cü ildə Pakistan İslam Respublikasının Bakıda və 1997-ci ildə Azərbaycan Respublikasının İslamabadda səfirliklərinin açıldığını diqqətə çatdırıb. Deyib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan ilə Pakistan İslam Respublikası arasındakı dostluq əlaqələrinin daha da inkişaf etməsinə hər zaman diqqət yetirib, bu münasibətlərin strateji müttəfiqlik müstəvisində olmasına çalışıb. Respublika Prezidenti İlham Əliyev də bu gün həmin yolu uğurla davam etdirərək Pakistan İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın ən müxtəlif sahələri üzrə inkişafını daim diqqət mərkəzində saxlayır.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iki qardaş ölkə arasında münasibətlərin daha da güclənməsinə yönəlmiş xidmətləri isə xüsusidir. Rektor Abel Məhərrəmov son illərdə Heydər Əliyev Fondu tərəfindən Pakistanda qızlar məktəbi, kimsəsizlər evləri, Göz klinikasının tikintisini, on minlərlə insanın içməli su ilə təmin olunması ilə nəticələnən layihəni həyata keçirdiyinə diqqət çəkib, səhiyyə, təhsil və humanitar sahələrdə digər bir çox layihələrin həyata keçirilməsini təmin etdiyinə görə Mehriban Əliyevanın “Şəhid Benzair Bhutto” adına və “Humanizmin Simvolu. 2012-ci ilin Qadını” mükafatları, cənab Məmnun Hüseynin imzaladığı sərəncamla Pakistan İslam Respublikasının ən yüksək mükafatı olan “Hilal-e Pakistan” ordeni ilə təltif olunduğunu xüsusilə vurğulayıb.

Rektor Abel Məhərrəmov eyni zamanda, qonağı Bakı Dövlət Universiteti haqqında məlumat verib, 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cüm-huriyyətinin parlamenti tərəfindən təsis edilən, Müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi cəmi 2 fakültə ilə fəaliyyətə başlayan universitetin hazırda humanitar, fundamental və təbiət elmləri sahələrini əhatə edən 17 fakültəsində 20 minə yaxın tələbənin təhsil aldığını, bu təhsil ocağının Respublikamızda bir çox ali məktəblərin, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasında mühüm rol oynadığını bildirib. Deyib ki, bu gün Bakı Dövlət Universitetində müasir təhsil sisteminin yaradılması, milli innovativ mühitin formalaşması, gənclərimizin elm və texnikanın müxtəlif sahələrində qlobal layihələrlə çıxış etmələri və ciddi uğurlar qazanmaları, alimlərimizin beynəlxalq proqram və qrant layihələrində iştirakı sahələrində mühüm addımlar atılır.

Rektor BDU-da dünyanın 14 qabaqcıl dilinin, o cümlədən urdu dilinin tədris edildiyini bildirib.
Rektor çıxışının sonunda Bakı Dövlət Universiteti Elmi Şurasının 11 mart 2015-ci il tarixli iclasında Məmnun Hüseynə Bakı Dövlət Universitetinin Fəxri doktoru adının verilməsi haqqında qərarını elan edib. Məlum olub ki, ali qonaq “Dünyada sülhün qorunmasında, xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənləndirilməsində böyük roluna, Azərbaycan-Pakistan Respublikaları arasında qardaşlıq münasibətlərinin daha da inkişafında əvəzsiz xidmətlərinə, elm və təhsilin tərəqqisinə verdiyi dəstəyə görə» BDU-nun Fəxri doktoru adına layiq görülub. Rektor Fəxri doktor diplomunu və mantiyanı ali qonağa təqdim edib.

Sonra Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn çıxış edərək Bakı Dövlət Universitetinin Fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə edib, Azərbaycan-Pakistan münasibətlərindən danışıb və əlaqələrin hazırkı durumundan razılığını bildirib.

Sonda Bakı Dövlət Universitetinin tələbələri adından Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi, Pakistan vətəndaşı Ərşad Rana çıxış edib.

Sevil HİLALQIZI


Müəllif: